Sakinlər həyətlərindəki ağacların kəsilməsinə etiraz edir


“Şirkət ağacları kəsib, yerində bina inşa etmək istəyir”

Binəqədi rayonu 9-cu mikrorayon Mircəlal Əliyev küçəsi 41 ünvanında yaşayan sakinlərin problemi var. Onlar “Kristal S” tikinti şirkətindən şikayətçidirlər.

Məlumatı Meydan TV-yə sakinlər verib. Bildiriblər ki, tikinti şirkəti binanın həyətindəki ağacları kəsib, yerində bina inşa etmək istəyirlər. Onlar bununla razı deyillər:

“Həm uşaqlarımızın oynaması, oturmaq üçün ərazi qalmayacaq, həm də illərdir əkib, böyütdüyümüz ağacları kəsəcəklər. İndi biz nə edək? İç-içə binaların arasında yaşamaq istəmirik. Ən pisi də ağacların kəsilməsidir”.

Sakinlərlə tikinti şirkəti ilə aralarında qarşıdurma olduğunu söyləyirlər:

“Şirkətin əməkdaşları qadın, uşaq qoymadılar, dalaşdılar. Həyətimizə toxunulmasını istəmirik. Bizə bina lazım deyil”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Kristal S” tikinti şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən qarşıdurma barədə məlumatsız olduqlarını söyləyiblər:

“Bilmirik, xəbərsizik nə baş verdiyindən. Bizdə qarşıdurma ilə bağlı məlumat yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə Meydan TV-yə məsələni araşdıracaqlarını söyləyib.

Ana səhifəVideoSakinlər həyətlərindəki ağacların kəsilməsinə etiraz edir