İcra hakimiyyəti evlərinin sənədlərinin qaydasında olduğunu, sakinlə isə tarixi abidələrə ziyan vurulduğunu bildirir
“Ötən ilin oktyabrında ölkə prezidentinə Buzovna qayalıqları ilə bağlı hesabat xarakterli müraciət ünvanladıq. Bir neçə gün əvvəl rus dilində yayılmış müraciət həmin sənədin tərcümə olunmuş variantıdır”.
Bunu Meydan TV-yə Buzovna sakinləri bildiriblər. Onların sözlərinə görə, Buzovna qayalıqları qanunsuz tikililərdən təmizlənəndən sonra tarixi əhəmiyyət daşıyan, Qobustan qayalıqlarında olduğu kimi qədim yazılara rast gəlinib. Bu barədə müvafiq qurumlara məlumat verilib.
Qayalıqların təmizlənməsinin təşəbbüskarlarından biri olan Seyfulla Azər bildirib ki, yaxın günlərdə hesabatın ingilis versiyası da təqdim ediləcək. Hesabatın yayılmasında məqsəd qayalıqlardakı son vəziyyəti ictimaiyyətin diqqətinə çatdırmaqdır.
“Buzovna qayalıqlarına zərbə vurmaq hesabına tikilmiş dörd villa hələ də sökülməyib. Baxmayaraq ki, Buzovna qayalıqları tarixi əhəmiyyətli abidədir. Prezident Buzovna sakinlərinin çağırışına səs verib və qayalıqların qanunsuz tikililərdən təmizlənməsini tapşırıb. Bakı Şəhər İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti isə sökülməmiş və söküntüsü yarımçıq saxlanılmış tikililərlə bağlı münasibət bildirmir”,-Seyfulla Azər deyib.
Sakinlər bildiriblər ki, televiziyalar qayalıqların vəziyyətinə dair çəkiliş etsələr də, efirə verilməyib.
Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov əraziyə baş çəkib, sakinlərlə görüşüb. Görüş sakinlərin AMEA rəhbərliyinə müraciətindən sonra baş tutub.
Xəzər Rayon İcra Hakimiyyətindən isə yalnız onu bildiriblər ki, həmin tikililərin sənədləri qaydasındadır. Tikililərin kimlərə məxsus olduğu ilə bağlı suallar cavablandırılmayıb.
Sosial şəbəkələrdə isə tikililərdən birinin keçmiş baş nazirin müavini Abid Şərifova, digərinin mərhum nazir Azad Rəhimova məxsus olduğu qeyd edilib.