Nəsimi rayonu Cavadxan küçəsində yaşayanlar məhəllələrinin ortasında bina ucaldılmasından şikayətçidirlər
Sakinlər deyir ki, məhəllənin zəbt olunan hissəsi onların və uşaqlarının istirahət yeridir. Avqustun 9-u axşam saatlarında bu məhəllədə yaşayanlar üçün gözlənilməz hadisə baş verir. Tikintiyə etiraz edənlər isə gecəni bölmədə keçirməli olurlar.
Sakinlər deyir ki, tikiləcək bina ilə yaşadıqları bina arasında məsafə çox az olacaq. Bu da onların yaşayış hüquqlarının pozulmasıdır. Bina sakinləri dövlət qurumlarına, həmçinin prezidentə şikayət məktubu göndəriblər.
Axşam düşür, məhəlləyə polis maşınları daxil olur. Sakinlər bu dəfə onlardan mədət umurlar. Polislərsə, işin sadəcə axşam 7-dən sonra dayanacağına vəd verirlər.
Nəsimi Rayon İcra hakimiyyətindən tikinti ilə bağlı məlumat almaq mümkün olmayıb. Bina sakinləri şikayətləri ilə bağlı məhkəməyə müraciət ediblər.