1 aylıq sakitlikdən sonra Abbas Fətullayev küçəsindəki yaşıllıq yenə “hücuma məruz qalıb”
“2 aya yaxındır ki, sakitlik idi. Gecə yenə gəldilər, ağaclara darışdılar ki, kəssinlər. Yenə səs-küy, yenə atıb qaçdılar”.
3 ildir ki, Suraxanı rayonu, Yeni Günəşli, A-B yaşayış massivi, Abbas Fətullayev küçəsi 131 ünvanında ağacların kəsilməsinin qarşısı sakinlər tərəfindən beləcə, alınır. Bu ilin aprel ayında həmin ünvanın sakinləri Meydan TV-yə müracət edərək
bildirmişdilər ki,
onların müdaxiləsindən sonra 1 il əvvəl ağac kəsimi dayandırılıb. Yerli ekologiya şöbəsi ilə yerli icra hakimiyyəti və sakinlər birləşərək kəsilmiş ağacların yerində yeni tinglər əkiblər. Ancaq ərazidə bina tikməyə cəhd edən şirkətin hazırda yenə fəaliyyətə keçdiyi deyilir. Fəhlələr ərazini hasarlayaraq kövrək tingləri qoparıblar. Meydan TV şikayəti işıqlandırandan sonra sakinlər yenə işlərin dayandırıldığını demişdilər. Ancaq onların növbəti müraciətindən bəlli olur ki, iyunun 6-dan 7-nə keçən gecə ağaclara növbəti hücum olub.
Biz həyətə düşüncə birini kökündən kəsdilər
Sakin İsa Səfərov danışır:
“Meydan TV-yə müraciət edəndən sonra iş yenə dayandırıldı. 2 ay sakitlik oldu. Sragagün gecə yenə səsə ayıldıq, eyvanlardan gördük ki, ağır texnikalar yenə işə düşüb. Biz həyətə düşüncə birini kökündən kəsdilər, sonra texnikanı da atıb, qaçıb getdilər”.
Səhər isə sakinlərin çağırışı ilə əraziyə yerli ekologiya şöbəsinin işçiləri gəlib. Sakinləri dinləyəndən sonra əlaqə nömrələrini götürərək çıxıb gediblər.
Sakinlər bu məsələnin ölkə başçısı səviyyəsində həll olunmasını istəyirlər.
Bunun adı açıq-aşkar terrordur
Sakin Əmiraslan Quliyev:
“Bu ərazilər yaşıllıq zolağı ilə bol idi, indi hara baxırsan binadır. Oksigen yoxdur, hava yoxdur, qırılırıq. İnsan havasız necə yaşaya bilər?.. Bunlar bizim nəfəsimizi kəsirlər. Heç olmasa bu yaşıllığa dəyməsinlər. İndi gedib dibinə çıxsaq, görərik ki, bu işin arxasında elə üstünə şikayətə getdiyimiz məmur dayanır. Yerli icra hakimiyyəti deyir: “gücüm çatmır”, Ekologiya Nazirliyi deyir: “gücüm çatmır”. Bir halda ki, bu boyda qurumlar bir sahibkarın qarşısında bu qədər zəifdir, o zaman biz prezidentdən kömək istəyirik. Bu boyda da özbaşınalıq olmaz. Havanı kəsmək ömrü kəsməyə bərabərdir. Bunun adı açıq-aşkar terrordur”.
1980-ci ildə salınmış parkdakı yaşıllığı məhv edənsə burada hündürmərtəbəli yaşayış binası tikməyi planlaşdıran “Abşeron” MTK-dır. 2016-cı ilin oktyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi şirkəti parkdakı 19 şam ağacını kəsdiyinə görə 2200 manat cərimələyib. Sakinlərin müdaxiləsi səbəbindən iki ildən çoxdur ki, şirkət ərazidəki yaşıllığı yerli-dibli yox edib özül qaza bilmir.
Sakinlər növbə cədvəli qurublar
Suraxanı Rayon İcra Hakimiyyəti isə Meydan TV-yə bildirir ki, şirkətə ərazidə yaşayış binası inşa etmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq sənədlər verilib. Buna görə də qurum məsələyə müdaxilə edə bilmir.
Ətraf Mühitin Mühafizəsi İdarəsindən Meydan TV-yə deyilib ki, iyunun 7-də səhər saatlarında idarənin işçiləri sakinlərlə görüşüb, əraziyə baxış keçirilib. Ərazidə kəsilmiş ağac aşkar olunmayıb. İdarə ərazini nəzarətdə saxlayır.
Sakinlərsə deyir, iki gündür ki, öz aralarında növbələşiblər, bundan sonra hər gecə bir sakin səhərədək yatmayıb əraziyə nəzarət edərəcək.