Bakının Binəqədi rayonundakı yanan bina ilə bağlı məhkəmə prosesi keçirilib
Avqustun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, iclasa hakim Əfqan Hacıyev sədrlik edib. İclasda zərərçəkmiş şəxslər ifadə veriblər. Hadisə zamanı evdə olan bina sakini Elvira Manafova ifadəsində bildirib ki, yanğın baş verəndə yatmış vəziyyətdə olub: “Məni yuxudan pişiyimiz oyatdı. Ayağa qalxanda gördüm ki, bina yanır. Sonra huşumu itirmişəm. Məni blokdan tapıb xəstəxanaya aparıblar. Əgər pişik olmasaydı ölərdim. Bizim bina 2012-ci ildə üzlənərkən də yanğın oldu. Fəhlələr qaynaq işi apararkən üzlüklərin üstünə qığılcım düşmüşdü, ondan alışmışdı. Ondan sonra şikayətlər oldu, təxminən bir il iş dayandı”.
Fövqəladə Hallar Nazirliyinin(FHN) xilasedicisi Ruslan Əliyev də məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verib. O, bildirib ki, sakinlərdən birini xilas edərkən tüstüdən zəhərlənib.
Zərərçəkmiş Anar Abdullayev isə həmin binada yaşadığını bildirib. O, hadisə yerinə gələn yanğınsöndürən maşının şlanqının çatmadığını, nərdivanların olmadığını deyib: “Vertolyotdan suyu yanan binaya yox, həyətdə bizim başımıza tökürdülər”.
Bina sakini olan zərərçəkmiş Orxan Sayilov isə bildirib ki, hadisə vaxtı yanğınsöndürənlərdən biri kənarda dayanıb: “Ona dedik ki, niyə dayanmısınız, yanğını söndürün. O, da bildirdi ki, ona dayanmağı əmr ediblər”.
Daha sonra iclasda təqsirləndirilən Ağacavad Məmmədov ifadə verib. O, bildirib ki, Bakı Dövlət Universitetində(BDU) müəllim işləyir: “Dərnəgül Boru Zavodunda polimlərin kimyəvi, fiziki-mexaniki xassələrinin təyini laboratoriyasında isə müqavilə əsasında məsləhətçi kimi çalışırdım. Mən heç bir ittihamla razı deyiləm. Yazıblar ki, guya, mən bu adamlarla əlbir olmuşam. Mən onların heç birini tanımamışam. Mən həmin üzlüklərin materialı ilə bağlı mütəxəssis rəyi vermişəm. Üzlüklərlə bağlı sınaq yoxlaması aparılıb. Material çətin yanan materialdır. Həmin üzlüyə görə, bina sürətlə alışa bilməzdi. Bu, respublikamıza qarşı xəyanətdir”.
Məhkəmə prosesi avqustun 11-də davam edəcək.
2015-ci il mayın 19-da Binəqədidə yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib. Həmin hadisədən sonra “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov barəsində cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham olunurlar.