”Tofiq Həsənli etiraz etdikdə ona qarşı əxlaqsız hərəkətlər edəcəkləri ilə hədələyiblər”
Vəkili oktyabrın 18-də Bakı İstintaq Təcridxanasında şair Tofiq Həsənli ilə görüşüb.
Bu barədə məlumatı vəkil Elçin Sadıqov yayıb.
Bildirib ki, Tofiq Həsənli 22 avqust 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib:
“Hazırda iş apellyasiya instansiyası mərhələsindədir”.
Vəkil bildirib ki, istintaq BMCMİ tərəfindən aparılıb. İstintaq orqanı və birinci instansiya məhkəməsi Tofiq Həsənlinin heç bir vəsatətini təmin etməyib. Məhkəmə hətta ittiham tərəfinin şahidlərini tam dindirmədən hökm çıxarıb:
“Tofiq Həsənli bildirdi ki, onu 12.10.2015-ci ildə axşam saatlarında Narkotiklərlə Baş Mübarizə İdarəsi mağazadan çıxarkən saxlayıb, avtomobilə basıblar, ona tənqidi şeirlərini nə üçün dayandırmadığını irad tutaraq zorla cibinə narkotik vasitə qoyublar. Buna etiraz etdikdə ona qarşı butulka ilə əxlaqsız hərəkətlər edəcəkləri ilə hədələyiblər. Məcbur olaraq etmədiyi cinayəti etiraf etdiriblər”.