Keçmiş aparat rəhbəri vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət almaqda təqsirləndirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev həbs olunub. Fevralın 6-da Səbail Rayon Məhkəməsində onun barəsində qərar verilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Əjdər Ol” təxəllüsüylə tanınan şair-publisist Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunub. O, keçmiş nazir Səlim Müslümovla eyni cinayət işi üzrə təqsirləndirilir. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.
Məhkəmənin qərarıyla Ə.Cəbiyev barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Həm o, həm də S.Müslümov DTX-nın istintaq təcridxanasında saxlanılır.
Ə.Cəbiyevin ailə üzvləri də onun tutulduğunu təsdiqləyib. Qardaşı Şahəli Cəbiyev “kulis.az”a bildirib ki, Ə.Cəbiyev fevralın 5-də saxlanılıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, S.Müslümov nazir olduğu dövrdə onun rəhbərliyi altında çalışmış bir sıra idarə və şöbə rəisləri də istintaqa cəlb olunaraq dindirilib. İstintaq şəhid ailələri, əlillər üçün evlərin tikintisi, avtomobillərin paylanması və s. məqsədlərlə büdcədən ayrılmış vəsaitlərin necə xərcləndiyini araşdırır. Araşdırmalar zamanı yeyinti halları aşkarlanarsa, keçmiş nazir və bu iş üzrə digər təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə də ittiham iürəli sürülməsi istisna olunmur.
Keçmiş nazir və Aparat rəhbərinə hazırda verilmiş ittihamlarda 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.