Baş Prokurorluq vəkilə rəsmi məktub göndərib
Jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxış qadağası götürülüb.
Bu barədə vəkili Zibeydə Sadıqova məlumat verib.
O bildirib ki, qadağa noyabrın 11-də götürülüb, rəsmi məktubu isə dekabrın 15-də alıblar.
Bu qadağalar 2014-cü ildə hökumətin vətəndaş cəmiyyətinə kütləvi təzyiqlərindən sonra ortaya çıxmışdı.
Həmin periodda qeyri-hökumət təşkilatları, “Meydan TV”, “Azadlıq Radiosu” ilə işə cəlb edilmiş xeyli insan qurumlara qarşı açılmış cinayət işlərinə şahid qismində dindirilmək üçün çağrılmışdı. Lakin onlar həmin işlərdə konkret təqsirləndirilən şəxslər olmayıb.
Ölkədən çıxış qadağası olan jurnalistlərdən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edən və udan jurnalistlər olmuşdu.
Məhkəmənin ilk qərarlarından sonra kütləvi şəkildə qoyulan məhdudiyyətlər götürülsə də, bu, Şahvələd Çobanoğluya aid edilməmişdi.
Şahvələd Çobanoğlu 7 ilə yaxın ölkədən kənara çıxa bilməyib.
Çobanoğlu tənqidçi mətbuat nümayəndəsidir.
O, bir çox qəzetin redaktoru olub, o cümlədən “Azadlıq Radiosu” ilə əməkdaşlıq edib.
Jurnalist inanırdı ki, ölkədən çıxışına qoyulan qadağa “Azadlıq Radiosu”nun bürosunda aparılan istintaqla əlaqəlidir. Büro 2014-cü ildə bağlanıb.