“Şuranın qərarı ilə bağlı qərəzli mövqelərini sosial şəbəkələr vasitəsilə mediaya ötürüblər və bununla da ictimai rəydə çaşqınlıq yaradıblar”
Ictimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiya Şurasının bir qrup üzvü açıqlama yayıb.
Açıqlamada son aylar Azərbaycanda vətəndaş cəmiyyətinə yaradılmış problemlərin İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının fəaliyyətinə mənfi təsir göstərdiyi vurğulanır.
“Koalisiya Şurası 31 oktyabr 2014-cü il tarixli iclasında mövcud vəziyyəti, Beynəlxalq MHŞT Katibliyinin Azərbaycanla bağlı qərarını və MHŞT üzrə Hökumət Komissiyasının rəhbərinin mətbuata açıqlamasını müzakirə etmiş və yaranmış vəziyyətlə bağlı müzakirələr aparmaq üçün MSŞT üzrə Hökümət Komisiyasının və ÇQ-nin sədri Şahmar Mövsümovla görüşmək barədə qərar qəbul etmişdir. 11 noyabr 2014-cü ildə təşkil olunan görüşdə Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının Şura üzvləri Azər Mehtiyev, Sevil Allahverdiyeva, Xalid Vahidoğlu, Taleh Əliyev, Zaur Əkbər və Qubad İbadoğlu iştirak edib. Görüşdə yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub. Müzakirələr zamanı belə bir təklif olub ki, Koalisiyanın maliyyə fəaliyyətinə maneələrin aradan qaldırılması üçün Koalisiya Şurası tərəfindən idarə ediləcək və sırf Koalisiyaya maliyyə operatorluğu funksiyasını həyata keçirəcək, başqa heç bir fəaliyyətlə məşğul olmayacaq bir QHT yaradılsın. Bununla bağlı məsələ Ümumi Yığıncaqlararası dövrdə Koalisiyanın idarə edilməsi səlahiyyətinə malik olan Şuranın 14 noyabr 2014-cü il tarixli iclasında bu məsələ geniş müzakirə olunub, müxtəlif variantlar səsləndirilib. Səsvermə nəticəsində təsisçiləri sayının 3 nəfər Koalisiya üzvü olması təklifi qəbul edilib”.
Açıqlama müəllifləri bildirib ki, müzakirələrdən sonra təsisçilər kimi Qubad İbadoğlu, Sevil Allahverdiyeva və Əlməmməd Nuriyevin namizədliyi irəli sürülüb və bu namizədlər iclasda iştirak edən 8 Şura üzvü tərəfindən dəstəklənib. Bu barədə məlumat Koalisiyanın şəbəkəsində yayılandan sonra bəzi Koalisiya üzvləri etirazlarını separat danışıqlar və gizli sövdələşmələr kimi təqdim ediblər. Şuranın qərarından narazılıq olduğu halda, mövcud qaydalara görə, bununla bağlı Koalisiyanın Monitorinq Qrupuna müraciət edilərək qərarın fəaliyyəti dayandırıla və MQ-nun rəyi ilə qərar ləğv edilə bilər. Şuranın qərarından narazı Koalisiya üzvləri bu prosedurdan yararlanmaq əvəzinə, Şuranın qərarı ilə bağlı qərəzli mövqelərini sosial şəbəkələr vasitəsilə mediaya ötürüblər və bununla da ictimai rəydə çaşqınlıq yaradıblar. Bu müzakirələrin istiqamətini də qərəzli şəkildə MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlunun əleyhinə kampaniyaya çeviblər.
“MSŞA Koalisiyasının məlum görüşdə iştirak etmiş Şura üzvləri olaraq bildirik ki, Şahmar Mövsümovla görüş Şuranın qərarı və müraciəti əsasında baş tutub, görüş barədə Şuranın bütün üzvləri əvvəlcədən məlumatlandırılıb. Görüşdə Beynəlxalq Katibliyin Azərbaycanla bağlı qərarı, Koalsiyanın fəaliyyətində olan məhdudiyyətlərin aradan qaldırılması məsələləri müzakirələr edilmiş, hər-hansı separat danışıqlar və ya gizli sövdələşmələr aparılmayıb. Koalisiya Şurasının məlum qərarı ilə bağlı mediada yer almış əsassız iddiaları qəti şəkildə pisləyir və bildiririk ki, bu məsələdə MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlunun adının əlahiddə hallandırılması məhz ona qarşı olan qərəzdən irəli gəlir. Bütün bunları nəzərə alaraq, məsələ ilə bağlı media qurumlarını obyektiv mövqe nümayiş etdirməyə, dəqiqləşdirilmədən və əsaslandırılmamış iddialarla MSŞA Koalisiyası Şurasının və onun koordinatoru Qubad İbadoğlunun nüfuzuna xələl gətirən qara-piar kampaniyasına son qoymağa çağırırıq”,-deyə açıqlamada bildirilir.
Açıqlamanı Koalisiya Şurasının üzvləri Azər Mehtiyev, Taleh Əliyev, Məlahət Mürşüdlü, Sevil Allahverdiyeva, Xalid Vahidoğlu və Zaur Əkbər imzalayıb.