Şahmar Mövsümov: ARDNF-in büdcəsində profisit yaranıb

Samir Əliyev: ”Səbəb xərclərin büdcədə nəzərdə tutulandan 15,6 faiz az icra olunmasıdır”

Source:


Samir Əliyev: ”Səbəb xərclərin büdcədə nəzərdə tutulandan 15,6 faiz az icra olunmasıdır”

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov APA-ya müsahibə verib. O, 2016-cı ildə ARDNF-nin gəlir və xərcləri, aktivlərlə bağlı gələcək proqnozları, investisiya planlarından danışıb. Deyib ki, Mərkəzi Bankın valyuta rejimi ARDNF-in investisiya istiqamətlərinə təsir etmir:

“2015-ci ildə xam neftin orta satış qiyməti 54,3 ABŞ dolları olduğu halda 2016-cı ildə 41,9 ABŞ dolları təşkil edib. Bu 2016-cı ildə qeyd olunan yataqlar üzrə daxilolmaların azalmasına səbəb olub. Nəticədə 2016-cı ildə ARDNF-nin Azəri-Çıraq-Günəşli yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından daxilolmaları 5 milyard 164,2 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin göstəricisindən 2 milyard ABŞ dolları azdır”.

Şahmar Mövsümov ARDNF-in 2016-cı ildəki fəaliyyətini uğurlu sayır. Deyir, dünya bazarlarındakı xam neft qiymətlərinin aşağı düşməsinə və bunun mənfi nəticəsi olaraq neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Fondun rolu artıb:

“2016-cı ildə neftin qiymətlərindən asılı olmadan Fond tərəfindən dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər vaxtında icra edilib. Vacib infrastruktur və sosial əhəmiyyəti layihələrin maliyyələşdirilməsi davam etdirilib”.

Şahmar Mövsümov 2016-cı ilin sonuna ARDNF-nin büdcəsində təxminən 500 mln. dollarlıq profisit yarandığını söyləyib:

“Fondun 2016-cı il büdcəsində neftin qiyməti 25 ABŞ dolları səviyyəsində götürülüb. Neftin orta çəkili satış qiymətinin il ərzində proqnoza nisbətən daha yuxarı 41,9 ABŞ dolları təşkil etməsi ilə əlaqədar Fondun gəlirləri 5,9 milyard ABŞ dolları (9,4 milyard manat) səviyyəsində olub. Eyni zamanda büdcə xərcləri 5,4 milyard ABŞ dolları (9 milyard manat) təşkil edib. Beləliklə, ilin sonuna Dövlət Neft Fondunun büdcəsində təxminən 0,5 milyard ABŞ dolları profisit yaranıb. İl boyunca Fondun investisiya portfelinə daxil olan valyutaların ABŞ dollarına qarşı ucuzlaşması səbəbindən ARDNF-nin 0,9 milyard ABŞ dolları məbləğində məzənnə fərqi ilə bağlı büdcədənkənar xərcləri yaranıb. Bu da ilin əvvəlinə nisbətən Fondun aktivlərində 0,4 milyard ABŞ dolları həcmində azalmaya səbəb olub”.

İqtisadçı Samir Əliyev deyir ki, Neft Fondunda kəsir var idi və onun örtülməsi üçün xaricdəki aktivlərini xərcləyəcəyi gözlənilirdi. Ancaq yekunda 500 milyon dollar profisit yarandı:

“Səbəb xərclərin büdcədə nəzərdə tutulandan 15,6 faiz az icra olunmasıdır. Yəni 1,7 milyard manatlıq xərc icra olunmayıb”.

İqtisadçı bildirir ki, indi sual olunur söhbət hansı xərcdən gedir?

“Çox da xərc istiqamətləri olan büdcəyə diqqət yetirdikdə qənaətin Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi maddəsi hesabına yarandığını ehtimal etmək olar. Bu istiqamətdə 2,4 milyard manat ayrılması nəzərdə tutulub və III rübün sonuna bu istiqamətdə 241,9 milyon manat xərclənmişdi. Görünür beynəlxalq təşkilatlardan kredit ayrılması bu xərc maddəsinə qənaət etməsinə gətirib çıxarıb”, – deyə Samir Əliyev bildirib.

Ana səhifəXəbərlərŞahmar Mövsümov: ARDNF-in büdcəsində profisit yaranıb