Şahin Novruzluya doğum günü təbriki

Sağ ol, bəy, bizim üçün həbsdəsən…

Source:


Hər dəfə Şahinin adı gələndə utanıram. Necə utanmayaq?  Dünyanın ən gənc siyasi məhbusu bizim ölkədədir və o, bizim üçün həbsdədir. O vaxt Cabbar Savalan 19 yaşında siyasi fəaliyyətinə görə həbs olunanda, beynəlxalq təşkilatlar dəhşət içində idilər ki, 19 yaşlı gənc necə həbs oluna bilər?! Hələ yadınıza gəlirsə, xaricdə tələbə, insan hüquqları təşkilatları Cabbarın həbsi ilə bağlı aksiyalar da keçirirdi. Hakimiyyət özünü əməlli-başlı biabır etmişdi beynəlxalq aləmdə.

1 il 6 ay əvvəl Şahin Novruzlu 17 yaşında siyasi fəaliyyətinə görə şərlənərək həbs olundu. Təsəvvür edirsiniz? 17 yaşlı siyasi məhbus. Hakimiyyət rekordunu yenilədi, arxasınca Ömər Məmmədov 18 yaşında həbs olundu. Yəqin göstərişi verənlər deyiblər ki, böyüyə-kiçiyə baxmıyın, susdurun bunları. Bəli, Şahini “Amnesty İnternational” təşkilatı dünyanın ən gənc siyasi məhbusu kimi qeydə alıb. Rejim bu 17 yaşlı gəncdən qorxub, həbs edib, universitet təhsilini yarıda qoyub, gələcəyinə kölgə salıb.

Şahinin həbsi bizə çox şeyi öyrətdi. Gənc yaşda da hüquqlarımızı tələb edə biləcəyimizi, ölkənin gələcəyi üçün çalışa biləcəyimizi, əsgər ölümlərinə, ədalətsizliklərə yox deməli olduğumuzu öyrətdi.

Şahin üçün nə edə bilərik? Elə Şahin Novruzlunun da imza atdığı Nida-çıların məhkəmədəki son sözündə deyildiyi kimi, “Biz heç bir yerə getmirik, qayıtmayacağıq da. Çünki biz onsuz da varıq, burdayıq, sizinləyik. Həbsdə 10 nidaçı olsa da, azadlıqda olan sizlər bizi əvəz edirsiniz. Bu mübarizəni həm də bizim yerimizə daha prinsipial, daha ardıcıl aparın. Heç zaman şərə təslim olmayın! Alnınızı dik, iradənizi möhkəm tutun!” Biz şərə, zalimə boyun əyməməklə onların bizə əmanət etdiyi bu mübarizəni layiqincə aparmalıyıq.

Çünki həmin son sözdə deyildiyi kimi “İqtidarlar gəldi-gedərdir, amma əmin olun ki, məhz Şahinin həbsi və ailəsinin, o cümlədən, bibisinin min bir zəhmətlə qazandığı pulunun bu cür talanması hər zaman Azərbaycanın çiyni üzərində “Demokl qılıncı”  kimi asılacaq və biz dövlət və millət olaraq bu hadisənin xəcalətini çəkəcəyik”. Bir qeyd edim ki, Şahin həbs olunan zaman evlərindən 100 min manata yaxın pul maddi sübut kimi götürülmüş, lakin istintaq zamanı maddi sübut olması, kiminlə əlaqəli olması sübuta yetirilməsə də həmin məbləğ ailəsinə qaytarılmamışdır. Yəqin büdcənin keçən ilki kəsirini tamamlamaq istəyiblər.

Yeri gəlmişkən, bu gün bizə həbsi ilə həyat dərsi vermiş, dəyərli bəy Şahin Novruzlunun ad günüdür. O, hazırda gənc yaşında artıq ikinci doğum gününü həbsdə keçirir. Həbsindən 1 il 6 ay ötür. Bağışlayacağıqmı bu zülmü edənləri? Xeyr, öz adıma deyirəm, şəxsən mənə kifayət edirki, Şahinin ömrünün gözəl çağından oğurlanan bu günlərə görə hakimiyyəti bağışlamıyım.

Nə arzulaya bilərik Şahin üçün? Bəlkə təkrar ifadələr olsa da təbii ki, demokratik, hüquqi cəmiyyət. Niyə demokratik, hüquqi cəmiyyət? Çünki, ancaq bu cəmiyyətlə heç olmasa, ona dəymiş maddi-mənəvi ziyanın təzminatını ödətdirib, onu gözəl təhsillə təmin edib, yolundakı bütün maneələri götürmək olar.  Sağol bəy, bizim üçün həbsdəsən. Unutmamışıq, unutdurmayacağıq. Tezliklə azadlıqda görüşmək üzrə. Sən vəzifəni layiqincə yerinə yetiribsən, sıra bizdədir…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəŞahin Novruzluya doğum günü təbriki