Şahin Mirzəyev: ”Bəzi könüllülər alpinist adı ilə gəlir”

Könüllülər: Şahin Mirzəyev axtarışa maneə törədir

Source:
foto APA
foto APA


Könüllülər: Şahin Mirzəyev axtarışa maneə törədir

Dekabrın 23-dən Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yola çıxmış 3 gəncin barəsində bugünədək heç bir məlumat əldə edilməyib. Onların axtarışına qoşulan könüllülərin bəzisi isə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyevi qınayır.

Etiraz edən könüllü kampdan qovuldu

Sosial şəbəkədə paylaşımlar edən könüllülərdən bəziləri yazır ki, nə qədər axtarışlara polkovnik Şahin Mirzəyev rəhbərlik edir, heç bir nəticə

gözləməyin:

“İlk növbədə, qərargahda heç bir şərait yaratmamışdı. Hətta uzaq olmasına baxmayaraq, çadır gətirmək əvəzinə çobanların alaçığına yığışmışdılar.

İşçilərin yedikləri axırıncı günə qədər sadəcə kolbasa-çörək idi. İradlardan sonra əsgərlərə quru əsgər payı paketləri verildi.

Buna görə etiraz bildirən bir neçə könüllü kampdan qovuldu”.

İtlərdən istifadəyə icazə verilmədi

Paylaşımda daha sonra deyilir ki, Xınalıqdan “Şah Yaylağı”-na (qərargahın olduğu yer) “QAZ-66” markalı maşınlar Xınalıq camaatından könüllü axtarışlara qoşulanları və Bakıdan köməyə gələn könüllüləri aparıb gətirmək üçün ən azı 5 reys edir:

“Bunun üçün də dövlət büdcəsindən vəsait ayrılıb. Ancaq Şahin Mirzəyev bacardığı qədər bu reyslərin sayını azaltmağa çalışır.

Axtarış üçün gətirilən itləri də, cəmi bircə dəfə axtarışa cəlb etdi. Daha sonra itlərə soyuq olar bəhanəsini gətirib itlərdən istifadə etməyə imkan vermədi.

Halbuki, dağçıların tapılması üçün iki ən vacib şərt var idisə, biri o itlər idi. Digəri isə mina axtaranlar idi ki, ilk günlərdən tələb olunmasına baxmayaraq, yalnız 30-u günorta saatlarından sonra gəlib çıxmışdılar. Bunun da səbəbkarı polkovnikmiş. ANAMA-nın işçiləri bizə dedilər ki, biz çoxdan hazır vəziyyətə gətirilmişdik. Axtarışa rəhbərlik edən rəisin göstərişini gözləyirdik.

Şahin Mirzəyev könüllülərin və Xınalıq camaatının axtarışı ürəklə etdiyini görüb maneçilik törətmək istəyirdi. Bunun da iki səbəbi var idi. Birincisi, o, istəyirdi ki, FHN-dən qeyrisi dağçıları tapmasın. Çünki bu, onun fəaliyyətinə “minus” idi. Digər yandan isə axtarışları uzatmaq istəyirdi ki, daha çox pul mənimsəyə bilsin”.

Şahin Mirzəyev könüllüyə hücum çəkdi

Könüllü özünün şahidi olduğu bir məsələni yazıb:

“Ayın 30-da bir nəfər adını bilmədiyim könüllü etiraz etdiyinə görə Şahin Mirzəyev onun üstünə hücum çəkdi, vurmaqla hədələdi. Axtarış üçün yardıma gələn könüllü ilə prinsipə girdi. Daha sonra polkovnik həmin könüllünün də içində olduğu bir qrup könüllünün təxliyyəsi üçün helikopter çağırdı. Sonra isə “Niva” ilə helikopterin düşdüyü meydançaya adam göndərib, helikopteri boş geri qaytardı. Ayın 31-i isə Xınalıq kəndindən olan könüllü dəstə ilə prinsipə düşüb, onlara müxtəlif maneələr göstərməyə çalışdı.

Bu bir neçə gündə Şahin Mirzəyevin etdiyi özbaşınalıqlar, qanunsuzluqlar, axtarışa göstərdiyi maneələr sayılmaqla bitməz”.

Yazını düşərgədən qovulmuşlar hazırlayıb

“Facebook”da yazan könüllülərdən bəziləri bu ittihamlarla razı deyillər. Onlar yazılanların obyektiv olmadığı

qənaətindədirlər:

“Deməsəm, böyük bir haqsızlığa göz yumacağam. Dekabrın 26-sı gecə axtarış xilasetmə üçün 7 nəfər heyətlə Xınalığa çatdıq. Xınalıq – Şahyaylağı yolunda qarın hündür və şaxtanın çox olması səbəbilə nəqliyyatın hərəkətinin mümkün olmadığı üçün gecəni Xınalıqda keçirdik (26 dekabrda qrup qayıtmalı idi. Biz 26-sı gecə artıq Ziya Qasımovun zəngi ilə Xınalığa getmişdik).

Dekabrın 27-i axtarışın ilk günü idi. Bizə havadan FHN-nin helikopteri dəstək verirdi. 27 dekabr axşam saatlarında FHN-nin Quba regional bölməsinin rəisi polkovnik Şahin Mirzəyev və şəxsi heyət Xınalıqda bizə qoşuldu.

28 dekabrda axtarışlara məhz FHN-nin xilasediciləri ilə birlikdə qoşulduq. Şahin Mirzəyev əlində olan bütün səlahiyyətlərdən və mümkün imkanlardan istifadə edib bizə kömək etməyə çalışırdı. Qərargahda çoxalan “turistlər”in sayı ehtimal versiyalarının mətbuata dərhal çıxmasına səbəb oldu. Hansı ki, sonradan bu fərziyyələr öz təsdiqini tapmadı. Hadisə yerindən turistik şəkillər paylaşılmağa başladı.

Deyə bilərsiz ki, ictimaiyyətin də bu ehtimallardan məlumatı olmalıdır. Mən sizinlə razı, amma dağçıların ailələrinin həssasiyyətini də nəzərə almaq lazım idi. Nəticədə, qərara alındı ki, düşərgə yerinə təchizatı tam olan şəxslər buraxılsın və artıq adamlar buradan uzaqlaşdırılsın. Əgər sənin ləvazimatın yoxdursa, sənin orda nə işin var, a kişi !

Dekabrın 29-da Şahin Mirzəyev FHN şəxsi heyəti ilə qazıntı aparılan yerdə buzun üstündə işləyib. İlk gündə axtarışlarda iştirak edən biri kimi deyə bilərəm ki, Şahin Mirzəyev əlindən gələn köməyi edib. Günah keçisi axtarmaq əvəzinə işə faydalı olmağa çalışmaq lazımdır. Sosial şəbəkələrdə yayılan yazını düşərgədən uzaqlaşdırılmış insanlar hazırlayıb. Mənim paylaşdığım yazı isə ilk gündən hadisə yerində olan dağçıların adından hazırlanıb”.

Problem varsa, bu, köklüdür

Könüllülərdən bəziləri isə bildirirlər ki, bəli, axtarış xilasetmə proseslərində səhvlər, çatışmazlıqlar olub, ancaq bütün bunları bir nəfərin üstünə yıxmaq lazım deyil:

“Problem varsa, bu, köklüdür. Yəni, bundan sonra bu sahədə peşəkarların sayını artırmaq, lazımi avadanlıqlar almaq lazımdır. Çünki bu sahəyə marağı olan insanlar artır. Gələcəkdə baş verəcək hər hansı başqa hadisələrə hazırlıqlı olmaq lazımdır. Bəli, problemlər var, təchizat çatışmazlığı var, ancaq bütün bunların səbəbkarı bir nəfər məmur deyil. Bu işin üstünə düşmək lazımdır, inkişafa ehtiyac olan sahədir”.

Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir

Şahin Mirzəyev də APA-ya açıqlamasında deyilənləri təkzib

edir:

“Bəzi könüllülər alpinist adı ilə gəlirlər. Üzərlərində heç bir avadanlıq yoxdur, amma axtarış – xilasetmə işlərində iştirak etmək istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı könlüllülər lazımdır”.

Şahin Mirzəyev deyib ki, yanvarın 2-də əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış – xilasetmə işləri bir neçə saatlıq dayandırılıb:

“Çünki ərazidə çovğundur, qarın qalınlığı 30-40 santimetrə çatır. Hava şəraiti düzələn kimi axtarış işləri davam edəcək.

2-3 metr məsafəni görmək mümkün deyil. Əslində bu gün helikopterlə əraziyə əlavə qüvvələr cəlb etmək istəyirdik. Əlverişsiz hava səbəbindən heç helikopter də qalxa bilmədi. Hava şəraiti çox pisdir, göz gözü görmür. Elə anlaşılmasın ki, axtarış – xilasetmə işləri birdəfəlik dayandırılıb. Hava şəraiti düzələn kimi axtarış – xilasetmə işləri dərhal bərpa olunacaq”, – deyə qərargah rəisi vurğulayıb.

Ş.Mirzəyev qeyd edib ki, bütün proses ölkə rəhbərliyinin şəxsi nəzarəti altındadır. O bildirib ki, axtarış işlərində FHN qüvvələri ilə birgə ANAMA, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllülər iştirak edir:

“Axtarış işlərində Dövlət Sərhəd Xidmətinin pilotsuz uçuş aparatları və ANAMA-nın minaaxtaran avadanlıqlarından belə istifadə edilib. Lakin bir nəticə əldə edilməyib. Biz qar uçqunu olan sahələri 15 – 20 metr dərinliyində qazırıq. Təsəvvür edin o qədər güclü çovğun olur ki, külək qazılan əraziləri doldurur. İtkin düşmüş 3 nəfər üzvü olduqları kluba plan və koordinatlarını verməli idilər. Nə klub, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların planları barədə məlumatlıdır. Biz dəqiq məlumata sahib deyilik, ancaq öz ehtimallarımıza əsasən hərəkət edirik. Güman edilən yerləri axtarırıq. Hər yarım saatdan bir rəhbərliklə əlaqə saxlanılaraq axtarış – xilasetmə işləri ilə bağlı son durum məruzə olunur”.

Axtarışa yoldan keçənlər, yaxınlıqdakı kəndlərdə yaşayanlar da qoşulmaq istəyir

Şahin Mirzəyev Xeber365.com saytına isə haqqındakı ittihamlarla bağlı açıqlama

verib

. Bildirib ki, son bir həftə ərzində hər gün səhər saat 6-dan axşamacan axtarış ediblər. Hər gün Tufandağın zirvəsinə doğru yürüş olub:

“Bütün yolboyu uçqun olan yerlərdə axtarışlar aparırıq. Qərargahdan Tufandağın başına qalxmaq üçün 7-8 saat vaxt lazımdır. Onların ola biləcəyini güman etdiyimiz bütün yerləri axtarırıq. Öz təcrübəmizə əsasən təxmin edirik ki, harda, hansı istiqamətdə ola bilərlər.

Bizə axtarış haqqında heç bir anlayışı olmayan, yoldan keçənlər, yaxınlıqdakı kəndlərdə yaşayanlar da qoşulmaq istəyir. Ancaq biz onların axtarış qrupuna qoşa bilmərik. Çünki bu, bizim işimizə mane ola bilər. Bilməyəcəm ki, itkin düşən alpinistləri axtarım, yoxsa nabələd adamların canının hayına qalım”.

Gəlib ki, mən adi bir ayaqqabı ilə gedirəm axtarışa

Şahin Mirzəyev könüllüləri qəsdən axtarışdan uzaqlaşdırmaları ilə bağlı yayılan məlumatların doğru olmadığını söyləyib:

“Bir qrup insan var ki, məqsədi ancaq gəlib hansısa dərənin dibində, ya helikopterdə şəkil çəkdirib paylaşmaqdır ki, guya o da axtarışla məşğuldur. Guya dağa çıxmaq istədiklərini deyirlər, amma yarıyoldan qayıdırlar. Onların təhlükəsizliyinə biz cavabdehik. Gedər, uçquna düşər, ona birbaşa mən cavabdehəm. Onların heç bir texniki avadanlığı yoxdur. Gəlib ki, mən adi bir ayaqqabı ilə gedirəm axtarışa. Biz buna necə icazə verə bilərik? Qətiyyən olmaz”.

Ş. Mirzəyev prosesdə yeyinti hallarının olması ilə bağlı yayılan informasiyalara da cavab verib. O, belə bir şeyin mümkün olmadığını söyləyib:

“Yalandan yazırlar ki, helikopterin yanacağına pul ayırırlar. Belə şey ola bilməz. Bu, bizim vəzifə borcumuzdur. Bu, bizim gündəlik fəaliyyətimizdir. Şimal regionunda gün ərzində 10-15 dəfə bu cür hadisələr olur. Bəyəm hər hadisə üçün bizə ayrıca pul ayrılır? Əlbəttə, yox. Biz hər ayın axırı bunun üçün əmək haqqımızı alırıq. Helikopter üçün xüsusi aviasiya xidməti var. Yanacağı da onlar verir. Biz sadəcə icraçıyıq. Bizə nə göstəriş verirlər, onu da edirik.

O məlumatları Ekologiya Nazirliyinin adamları yayıb

Bura axtarışa qoşulmaq üçün o qədər adam gəlir ki… Biz onların hamısını helikopterlə aparmalıyıq? Bizə deyirlər, qoy mən də helkopterlə uçum. Biz buna necə icazə verək? Helikopteri aparıb dağa daşa çırpsınlar? Biz indi işimizlə məşğul olaq, yoxsa könüllülərlə?”

Ş. Mirzəyev barəsində yayılan xəbərlərin Ekologiya Nazirliyinin adamları tərəfindən yayıldığını da söyləyib:

“Başlarında duran da Rusif Bağırov adlı şəxsdir. Onlar təxribatçıdırlar. Əslində, Ekologiya Nazirliyi belə havada alpinistlərin o istiqamət üzrə getmələrinə icazə verməməli idi. Eynilə, həmin idman klubu buna qarşı çıxmalı idi. Ancaq icazə verilib. Ona görə də belə əl-ayağa düşüb, bizi qaralayırlar. 3 alpinistin həyatına görə onlar məsuliyyət daşıyır, ancaq bizi ləkələmək istəyirlər”.

 İtlər iy ala bilmir

Sosial şəbəkələrdəki bəzi qruplar axtarış-xilasetmə üçün könüllü axtarıldığı ilə bağlı paylaşımlar edib. Aralarında axtarışa cəlb etmək üçün itlərin lazım olduğu da deyilir. Ancaq axtarışda iştirak edən könüllülərdən əksini düşünənlər var.

“Könüllülərin cəlb edilməsi, daha böyük faciələrə yol aça bilər. Onların hamısı peşəkar dağçı deyil. Bunun nəticəsi ağır ola bilər. Üstəlik, FHN ərazidə itlərlə axtarış edir. Təəssüf ki, uçqun olan yerlərdə itlər işə yaramır. Çox dərindir, onlar iy ala bilmirlər”- adının açıqlanmasını istəməyən alpinist Meydan TV-yə belə deyib.

Meydan TV məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət öyrənə bilməyib. Tətil günləri olduğundan nazirlikdən telefonlara cavab verən olmayıb.



Xatırlatma…

İtkin düşən gənclər “Gilavar” Hava və Ekstrim İdman klubunun üzvləri, alpinistlər Babur Vaqif oğlu Hüseynov, Namin Nizami oğlu Bünyatzadə və Fəridə Cəbiyulla qızı Cəbrayılzadədir.

Onlar haqqında rəsmi məlumat dekabrın 26-da yayılıb. Həmin gün axşam saatlarında FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olduğu

bildirilir.

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. Bildirilir ki, FHN-in aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

Ana səhifəXəbərlərŞahin Mirzəyev: ”Bəzi könüllülər alpinist adı ilə gəlir”