Mehman Əliyev: “Kremlin imkanı olsaydı, Azərbaycan mediasını da bağlayardı”
Ukraynadakı müharibə səbəbindən tarixində qarşılaşmadığı sanksiyalarla üz-üzə qalan Rusiya hazırda ayrı-ayrı ölkələrin ona olan münasibəti məsələsində daha həssasdır. Bu baxımdan bölgədə olan dövlətlər, o cümlədən Azərbaycan çətin seçim qarşısındadırlar – ya Rusiyanı dəstəkləyib, sivil dünyaya əks olmaq və sanksiyalar təhlükəsi ilə yaşamaq, ya da Ukraynanın işğalını pisləyib, Rusiya kimi nəhəng qonşunun qəzəbinə tuş gəlmək.
Rəsmi Bakının indiki zamana qədər balans saxlaya bilməsi fonunda, ictimai fikirdə Ukraynaya təəssübkeşliyin üstünlük təşkil etməsi heç kimə sirr deyil. Sosial şəbəkələrdəki paylaşımlar, şərhlər Azərbaycan ictimai fikrinin Ukraynada müharibə ilə bağlı Rusiya əleyhinə olmasını nümayiş etdirir.
Təbii ki, prosesləri Rusiya beyin mərkəzləri, səfirlik və digər analitik qurumlar da müşahidə edir.
Fevral ayı ərzində rusiyalı politoloq Oleq Kuznetsovun Azərbaycan ictimai fikri ilə bağlı sosial şəbəkədə etdiyi paylaşımları bəziləri onun öz fəaliyyəti kimi qiymətləndirsə də, bir qism bunun təsadüf olmadığını bildirdi.
Rusiyanın Azərbaycandakı səfirlyinin martın 13-də sosial şəbəkələrdəki paylaşımı isə ümumiyyətlə birmənalı qarşılanmadı. Səfirlik sosial şəbəkələrdə paylaşım edərək Lənkərandan olan vətəndaşların müharibə ilə əlaqədar bu qurumun binası qarşısında gül çələngi qoymasını qeyd etdi və xüsusi olaraq minnətdarlığını bildirdi. Bir sıra ekspertlər bunu Azərbaycana edilən xəbərdarlıq kimi qəbul etdilər. Belə qiymət verənlərin fikrincə, bu, 90-cı illərdə Azərbaycanın cənub bölgəsində qondarma separatçılıq cəhdlərinə Rusiya səfirliyinin etdiyi istinad idi.
“Azərbaycan Ukraynaya hərbi yardım göstərməsə, Rusiyanı qıcıqlandırmayacaq”
Məsələni Meydan TV üçün şərh edən siyasi icmalçı Şahin Cəfərli hesab edir ki, hazırda Rusiya Azərbaycanın mövqeyindən narazı olmasa belə, razı da deyil.
Onun fikrincə, Rusiya Azərbaycanın humanitar yardımlara davam etməsindən, SOCAR-Ukrayna şirkətinin Ukraynaya pulsuz yanacaq verməsindən narazı qala biləcəyini deyib.
“Eləcə də Rusiya Azərbaycan ictimaiyyətində olan əhval-ruhiyyəni yaxından izləyir və bilir. Bütün bu səbəblərdən Rusiya məmnun olmasa da, narazı deyil”, – politoloq deyib.
Bununla belə, Şahin Cəfərli hesab edir ki, Ukraynaya hərbi yardım Rusiyada xüsusi qıcıq yaradır və qeyd edib ki, Azərbaycanın Ukraynaya hərbi yardım göstərən ölkələr sırasında adı yoxdur.
“Azərbaycan bundan uzaq dayanır. Yəni Azərbaycanın mövqeyi və duruşu Rusiya üçün nə müsbət, nə də mənfi qiymətləndirilir”, – o qeyd edib.
Siyasi şərhçi Oleq Kuznetsovun da paylaşımlarını bu konteksdən şərh edilməsinin tərəfdarıdır:
“Təbii ki, onun mövqeyi Rusiyanın rəsmi mövqeyi kimi qəbul oluna bilməz. Ancaq hər halda o da ölkəsindəki mövcud əhval-ruhiyyəni müəyyən qədər əks etdirir. Amma nə qədər ki, Azərbaycan Ukraynaya hərbi yardım göstərməyəcək, strateji məhsullar verməyəcək, Rusiya çox da qıcıqlanmayacaq”.
Bununla belə, Şahin Cəfərli Rusiya səfirliyinin sosial şəbəkələrdə Lənkərandan olan vətəndaşlarla bağlı paylaşımını təsadüf hesab etmir.
“Bakılılar da yaza bilərdilər. Bakıda da o qədər Rusiyapərəst insanlar tapmaq olar ki. Hətta bizim və sizin həmkarlarımız arasında da elələri var. Ancaq məhz lənkəranlıların qabardılması talış məsələsinə işarədir. Yəni Azərbaycan Ukraynaya fəal yardım göstərərsə, Rusiya Azərbaycanın həssas nöqtələrinə zərbə endirə və bu məsələləri Azərbaycanda qızışdıra bilər”, – Şahin Cəfərli deyib.
Bununla belə, politoloq hesab edir ki, hazırda SSRİ-nin dağılmasından sonra Rusiyanın postsovet məkanında aqressiyasının ən kuliminasiya nöqtəsinə çatdığı dövrü yaşayırıq.
“Azərbaycan dövlət başçısı fevralın 22-də Rusiya Prezidenti ilə müttəfiqlik bəyannaməsi imzalamaqla bu təhlükəni sovuşdurmaq istədi. Bəyannaməyə imza atmaq da təhlükəni sovuşdurmaq niyyətindən irəli gəlirdi. Ona görə məlum sənəd imzalanandan sonra Moskvadan birbaşa təhdid olduğunu söyləyə bilmərik, amma prinsipcə, təhdid həmişə davam edir. Azərbaycanın müstəqilliyi və müstəqil xarici siyasəti Rusiyanı heç vaxt qane etməyib. Ona görə Rusiya Ukrayna müharibəsindən qalib ayrılsa, onun postsovet məkanı üzərindəki neqativ təsirləri və Azərbaycana da təzyiq və təsirləri artacaq”, – Şahin Cəfərli deyib.
“Ukraynanın ərazi bütövlüyünü tanıması Azərbaycanın Rusiya ilə münasibətlərinə mənfi təsir etməyib”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə Azərbaycanın mövqeyinin Moskvada narazılıq doğuracağını düşünmədiyini bildirib.
“Türkiyə də o mövqedəydi ki, tərəflər ortaq məxrəcə gəlsinlər. Məsələnin sülh yoluyla həllinə çağırış normaldır. Ümumiyyətlə, belə mövqe başa düşüləndir. O cümlədən, Krım anneksiya olunanda Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığı haqda bəyanat verdi. Düzdür, Rusiyaya qarşı hər hansı addım da atılmadı. Amma Bakı həmişə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu, heç də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməyib və indi də münasibətlər normaldır”, – o deyib.
Mehman Əliyev hesab edir ki, Azərbaycan mediası Ukraynaya dəstək göstərmir, sadəcə hadisələri işıqlandırır.
“Bizim baxışımız kiminsə xoşuna gəlmir, özü bilər. Rusiyada indi senzuradır, Kremlin imkanı olsaydı, Azərbaycan mediasını da bağlayardı. Öz ərazisində xeyli media orqanlarını qapadıb, senzura tətbiq edib, məsələn, müharibə sözünə qadağa qoyub. Yaxşı, “müharibə ifadəsini işlətmə” deyərək, dövlət jurnalistin işinə necə qarışa bilər?!”, – Mehman Əliyev sual edib.
O xatırladıb ki, Qarabağ müharibəsi başlayanda Azərbaycan hökuməti bunu Vətən müharibəsi adlandırdı, bəziləri buna iİkinci Qarabağ müharibəsi deyirdi.
“Amma hakimiyyət məhdudiyyət qoymamışdı ki, buna ancaq Vətən müharibəsi demək olar. Bizdə nə iki il əvvəl, nə də indi senzura tətbiq olunmayıb. Ona görə də mənzərəni necə görürük, elə də işıqlandırırıq. Onlar senzura şəraitində işlədiklərindən, bunlar qeyri-normal gəlir”, – agentliyin rəhbəri deyib.
Mehman Əliyev Azərbaycan üçün Rusiya təhlükəsinin artmaması qənaətindədir.
“Münasibətlər normaldır. Əslində, Ukrayna-Rusiya münasibətlərinin bərpası qaçılmazdır, bu, olacaq. Bu prosesdə də Türkiyə ilə Azərbaycan müsbət töhfə verə biləcək, elə indi də verirlər. Çünki müəyyən qədər vasitəçilik missiyasını həyata keçirirlər. Hər iki tərəf də bundan razıdır”, – o deyib.