Nazir bildirib ki, Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderdir
“2020-ci ildə saxta əlillik təyinatının qarşısının alınması ilə dövlət büdcəsindən transfertin həcmi 250 milyon manat azaldılıb”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, növbəti ildə Azərbaycanda yaşa görə pensiyanın orta aylıq məbləği 370 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləği isə 337 manata çatdırılacaq:
“Ölkəmiz həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”.
Pandemiya dövründə karantin tətbiq edilən ərazilərdə işini itirən şəxslərə yaşayış minimumu məbləğində ödəmələr edildiyini deyən S.Babayev bildirib ki, yaxın günlərdə 600 min insana yenidən 190 manat məbləğində ödənişlər olunacaq:
“Ümumilikdə bu məbləğ 460 milyon manatdan artıq olacaq”.
Nazir əlavə edib ki, iqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən ortaq iş qurulub və gələn il məşğul şəxslərin ölkə üzrə reysteri üzrə işlər tamamlanacaq. Növbəti ildə əsas məşğulluq istiqamətləri işğaldan azad olunan ərazilərə yönəldiləcək”.
S.Babayev növbəti illərdə 16 min ailənin özünüməşğulluğunun təmin ediləcəyini də deyib:
“Hədəf il ərzində 10 min insanın peşə təhsilini təmin etməkdir. İşsiz şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə bu ödənişləri alan şəxslərin sayının 2021-ci ildə artırılması nəzərdə tutulur”.