Şahid: Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam

Mirəziz Əsgərov: ”1 il 8 aydır şər-böhtana görə həbsdə saxlanılaram”

Source:


Mirəziz Əsgərov: ”1 il 8 aydır şər-böhtana görə həbsdə saxlanılaram”

Mayın 12-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

M. Əsgərov sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul alaqda ittiham olunur.

Meydan TV-nin məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vidadi Əzizovun qardaşı Əziz Əzizov şahid qismində dindirilib. O bildirib 2012-ci ilin aprel ayının əvvəllərində qardaşının həyat yoldaşı Təranə zəng edərək, Vidadinin həbs edildiyini deyib. Ə.Əzizov qardaşının həbsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra  onun polislər tərəfindən həbs edilmədiyini öyrənib:

“Həmin gün axşam Vidadi evə gəldi. Bildirdi ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb, onun bankdan götürdüyü pulun 670 min manatını götürüblər, 300 min manatını geri qaytarıblar. Bir neçə gündən sonra Vidadi ilə telefonla danışan zaman bildirdi ki, ondan əl çəkmirlər, yenə də 100 min manat verməsini tələb edirlər. Qardaşımın dediyinə görə, 40 min düzəldərək MTN əməkdaşlarına verib”.

M. Əsgərov isə ittihamın şər-böhtan olduğunu deyib. Bildirib ki, şeytan maşını işə düşüb: “Daha dözə bilmirəm. 1 il 8 aydır şər-böhtana görə həbsdə saxlanılaram. Bu qədər şər-böhtan olmaz”.

İclasda şahid qismində Vidadi Əzizovun həyat yoldaşı Təranə Əhmədova da ifadə verib. Bildirib ki, “Zaminbank”ın “Nərimanov” filialına gedib pul götürüblər. Həyat yoldaşı maşına əyləşmək istəyəndə isə maskalı şəxslər onlara hücum edib: “Həmin şəxslər Vidadinin qolunu bağladılar. Dedim ki, belə etməyin. Həmin şəxslərdən biri silahı başıma dirədi, susmağımı tələb etdi. Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam. Onlar əlimdə olan telefonu da aldılar. Onlardan biri dedi ki, MTN əməkdaşlarıdır. Sonra onlar Vidadini apardılar”.

Təranə Əhmədovanın sözlərinə görə, bununla bağlı 102-yə zəng vurub və sonra vəkil Cavanşir Süleymanovla birlikdə polisə bölməsinə gediblər:

“Orada Vidadinin harada olduğunu bilmədiklərini dedilər. Cavanşir müəllim bir neçə yer ilə əlaqə saxlasa da, bir nəticə olmadı. Bundan sonra evə gəldik. Bir qədər sonra Vidadi gəldi və bildirdi ki, MTN əməkdaşları tərəfindən saxlanılmışdı. Onun pulunu alıblar. Bundan üç gün sonra Vidadiyə tez-tez zəng gəlməyə başladı. Ondan zəng edənin kim olduğunu soruşdum. Dedi ki, MTN-dən Mirəzizdir, 40-50 min manat pul istəyir. Sonradan yoldaşım pulu ona verib”.

Təranə Əhmədova qeyd edib ki, Vidadi Əzizov bizneslə məşğul olub, bu səbəbdən Dubay, Ukrayna, İran və Türkiyəyə tez-tez gedib”.

Şahidin ifadəsinə arayış verən Mirəziz Əsgərov bildirib ki, rəsmi qaydada Vidadi Əzizov üç gün əvvəldən izlənilib:

“Bu şəxslərin xaricdən gələn pullardan xəbəri olub. Evdə də bunun söhbəti olub. Vidadi hələ qızına söz verib ki, pul xaricdən gələndən sonra ona “Porsche” avtomobil alacaq. Evdə maşının nə rəngdə alacaqları ilə bağlı sözləri də olub. Bütün bunlar dinləmə və izləmə sənədləri ilə tərtib edilib. Mən həmin sənədlərin məhkəməyə gətirilməsini istədim. Çünki orada hər şey aydın olacaq. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto-video çəkilişlərlə sübut olunur”.

Proses mayın 17-də davam edəcək.

Mirəziz Əsgərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Ana səhifəXəbərlərŞahid: Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam