Hüquqşünaslar deyir ki, təqsirləndirilən və şübhəli şəxs olmayan şəxslərin bank hesablarına həbs qoyula bilməz
İqtisadçı Toğrul Vəliyevin əmək haqqı kartına həbs qoyulub. Bu barədə özü məlumat verib. İqtisadçının sözlərinə görə, bundan iki gün öncə xəbər tutub. Məlum olub ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) vəsatəti əsasında Xətai Rayon Məhkəməsi noyabrın 29-da mövcud bank hesabına həbs qoyulması ilə bağlı qərar verib.
Toğrul Vəliyev “AbzasMedia”nın əməkdaşlarına açılan cinayət işinə şahid qismində cəlb olunub. O, noyabrın 28-də BŞBPİ-də şahid qismində dindirilib.
Deməsinə görə, şahid kimi cəlb olunduğu gündən bir gün sonra artıq “təqsirləndirilən şəxsin yaxın əlaqəsi” kimi göstərilib.
“Bankla bağlı qərar isə noyabrın 29-da verilib. Qərar dekabrın 1-də “Paşa Bank”a göndərilib. Ən sonda dekabrın 5-dən etibarən bütün hesablarım bloklanıb. Bloklanan hesablar arasında mənim əməkhaqqı kartım da var. Yəni yeganə gəlir mənbəyim olan əməkhaqqım (özü də əməkhaqqı oturan günü) da bloklanıb. Beləliklə, bəlli olmayan müddətə mən formal və faktiki olaraq əməkhaqqısız qalmışam”.
Hüquqşünas Fariz Namazlı deyir ki, bu, Azərbaycanda yayğın haldır:
“O vaxt QHT-lərə açılan cinayət işlərində də insanların bank hesablarına həbs qoymuşdular. Cinayət işinə aidiyyatı olmayan, təqsirləndirilən və şübhəli şəxs olmayan şəxslərin bank hesablarına həbs qoyula bilməz. Məhkəmə qərarını alıb, ondan apelyasiya şikayəti verilməlidir”.
Digər hüquqçu Yalçın İmanov isə bildirir ki, əmək haqqı kartının üzərinə həbs qoyulması mülkiyyətdən istifadə hüququna müdaxilə təşkil edir. O hesab edir ki, bu müdaxilə qanunla nəzərdə tutulmayıb və cəmiyyətin maraqları naminə əmlakdan istifadəyə nəzarət zərurəti daşımayıb. Həmçinin bu müdaxilə şəxsin üzərinə həddindən artıq fərdi yük qoyub:
“Kart hesabının üzərinə həbs “AbzasMedia” haqqında cinayət işinin istintaqını aparan istintaq orqanının vəsatəti əsasında, məhkəmənin qərarı ilə qoyulub. Güman ki, məhkəmənin qərarında şəxsin kart hesabının üzərinə hansı müddətə həbs qoyulması göstərilməyib, qeyri-müəyyən ifadə olan “cinayət təqibinin davam etdiyi müddət” qeyd edilib. Çünki adətən belə olur. Halbuki şahid qismində istintaqa cəlb edilən şəxsin üzərinə əmlak məsuliyyəti qoyula bilməz”.
Yalçın İmanov deyir ki, bu vəziyyətdə Toğrul Vəliyev “AbzasMedia”da hər hansı maddi-məsul vəzifə də tutmayıb:
“Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249.1-ci maddəsinə əsasən, əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə, qoyula bilər. Bu Məcəllənin 249.3.6-cı maddəsində deyilir ki, əmlak üzərinə həbs qoyulması haqqında məhkəmənin qərarında əmlak üzərinə qoyulan həbs müddəti göstərilməlidir.
Digər tərəfdən bu, ifadə azadlığı hüququna müdaxilə təşkil edir. Çünki Vəliyev büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi ilə bağlı araşdırma yazıları yazıb bildiyim qədəri ilə. Bu müdaxilə Avropa İnsan Haqları Konvensiyasının 10.2-ci maddəsi ilə nəzərdə tutulmur. Yəni, müdaxilə qanunla nəzərdə tutulmur, hər hansı qanuni məqsəd daşımır və demokratik cəmiyyətdə zəruri deyil”.
Hüquqşünas deyir ki, Vəliyevin araşdırmaçı, başqa sözlə, tənqidçi jurnalist fəaliyyətinə görə bank hesabının üzərinə həbs qoyulması üçün heç bir qanuni əsas yoxdur və hesabın dondurulması hər hansı bir qanuni məqsəd güdmür. Onu hədəfə alan hakimiyyətin əsas məqsədi tənqidçi jurnalist fəaliyyətinə görə onu cəzalandırmaqdır:
“Bu, həm də Azərbaycanda ifadə azadlığı ilə bağlı hakimiyyətin müstəqil jurnalistikaya qarşı həyata keçirdiyi təqib siyasətinin tərkib hissəsi və davamıdır”.
Noyabrın 30-da jurnalist Nərgiz Absalamova Bakı şəhər Baş Polis İdarəsinə şahid qismində ifadə vermək üçün dəvət edilib və daha sonra saxlanılıb.
Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “AbzasMedia”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.
Noyabrın 23-də Xətai Rayon Məhkəməsi “AbzasMedia”nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib. Bir gün öncə isə Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsi “AbzasMedia” xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.
Həbslərdən sonra media qurumu ilə əməkdaşlıq etmiş şəxslər BŞBPİ-nə ifadə vermək üçün çağırılıb.
Noyabrın 20-də Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının “AbzasMedia”nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib.
Həbs edilən jurnalistlər onlara qarşı ittihamı qəbul etmir və bunun “AbzasMedia”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.