Zərdüşt Əlizadə
(tənqidi esse təcrübəsi)
Həqiqi bədii əsər mətni yalnız ədəbiyyata aid deyil, həm də tarix, siyasət və həyat tərzinə bilavasitə dəxli olan şahid ifadəsidir. İstənilən dövrün gerçəkliyini dəqiq anlamaq üçün iqtisadi göstəricilərlə, tarixin zühur etdiyi hadisələrin salnaməsi ilə yanaşı yazıçı və şairlərin yaratdığı bədii mətnlər dəyərli və dolğun şahid ifadələridir.
Milli ədəbiyyatımızda öz ictimai zəmanə məhkəməsinin dandığı və qətiyyətlə rədd etdiyi, fəqət əbədiyyət bucağından XİX əsr üçün ən dürüst və vicdanlı çıxmış şahid ifadəsini Mirzə Fətəli Axundzadə öz bədii mətnlərində vermişdi.
Ədəbiyyatımız XX əsrə iki hədsiz tərs, kinli və qəzəbli şahidin ifadələrinin kölgəsində qədəm qoymuşdu: Mirzə Ələkbər Sabir və Mirzə Cəlil Məmmədquluzadə.
Sabirin şeirlərinin tərcümə toplusunu həssas qəlbli sülhpərvər erməni həmkarıma hədiyyə vermişdim, oxuyub şaşırdı və çəkinərək soruşdu:
“Sənin bu əziz şairin sənin sevdiyin xalqına qarşı niyə böylə acıqlıdır, onu az qala təhqir edir?”
Bu barədə çox düşünmüşdüm, ona görə dərhal cavab verdim:
“Bədbəxt xalqı dəlicəsinə sevdiyindən, onun yatmış vicdanını silkələyib dəhşətli cəhalətdən oyatmaq istəyindən doğur bu qəzəb və kin, şair anlayır ki, qapalı qalın qafaları yarıb fikrini çatdırmaq üçün ona müyəssər olan yeganə vasitə yalnız onun acı sözləridir. Xalqın əksəriyyəti zəmanəsində onları qəbul etməsə də, çox kiçik azlıq yarandı ki, həmin mövqedə daima durub haqq sözünü səsləndirdi. Görünür, sizin ədəbiyyatda xalqa qəlbi yanan böylə cəsarətli ədibiniz olmayıb deyə, millətiniz bu kökdədir”.
§§§§§§Dedim, düşünüb razılaşdı.
Azərbaycan xalqının mahiyyətini nəinki açan, həm də qəlibə salan və gələcəyini göstərən əsər Üzeyirbəy Hacıbəyovun “O olmasın, bu olsun” müsiqili komediyasına yazdığı librettodur. Elə dahiyanə yazıb ki, xalqın tarixi yüz ildir məhz bu librettonun tilsimli dairəsinin içində cərəyan edir və heç cür kənara çıxammır. Bu, xalqın tarixi barədə ən dəqiq şahid ifadəsidir.
Müasir cəmiyyətimizin bədii təsvirində ən çox rast gəlinən təhkiyə mövzusu bir fərdin mövcud quruluşa uyğunlaşıb özünün əziz vücudu üçün rahat və münasib şərait təmin etmək cəhdləridir. Əgər bu uyğunlaşmaq cəhdləri qəhrəmanı uşaqlıqdan ona təlqin edilmiş əxlaqi meyarlara xəyanət etməyə vadar edirsə, bu ziddiyyətin təsvirindən XX əsr ədəbiyyatımızda Əkrəm Əylislinin özünün və onun ardıcıllarının əsərləri yaranır.
İlk baxışdan qəribə görünsə də, sovet dövrü ədəbiyyatı ilə müstəqil Azərbaycanın 30 yaşlı ədəbiyyatı arasında zərrə qədər fərq yoxdur. Bu fikrimlə razılaşmayan oxucum zəhmət çəkib AKP MK Birinci katibi yoldaş Heydər Əliyevlə Azərbaycan Respublikasının Prezidenti Əlahəzrət Heydər Əliyev arasındakı fərqi mahiyyətcə tapıb göstərsin.
Müxtəsər, ədəbiyyatımız həmin həmindir, çünki cəmiyyətimizin, gerçəkliyimizin cövhəri dəyişməyib. Lakin labüd dəyişən gerçəklik həssas ədəbiyyatımızı da məcburən, azca da olsa, dəyişib. Müasir Azərbaycan ədəbiyyatında mənim “köçkün ədəbiyyatı” adlandırdığım bir cərəyan yaranıb. Uzaqdan uzağa Misir ədəbiyyatında 1967-ci il məğlubiyyətindən sonra yaranmış “yeni dalğa” əsərlərini xatırladır.
Tarixən belə hallar olur. Sovet nəsrində də əzilən və sovuşan ənənəvi kənd həyat tərzini təsvir edib ona ağı deyən bir cərəyan yaranmışdı, ruslarda ən parlaq adlar Vasiliy Belov və Valentin Rasputin, bizdə Əkrəm Əylisli, ermənilərdə Hrant Matevosyan və sairə. Əhalimizin bir hissəsinin köçkünə çevrilib maddi və mənəvi məşəqqətlərə düçar olması səbəbindən insanlar arasında yaranan yeni qeyri-insani münasibətlərə ənənəvi cəmiyyətin müqavimət səyləri bu yeni ədəbi cərəyanın mahiyyətidir. Cəmi üç adı çəksəm, oxucum işarəni anlayar: Seymur Baycan, Şərif Ağayar və Günel Mövlud.
Yuxarıları bilmirəm, ora ömri-billah dəxlim olmayıb, lakin əziz xalqımızın geniş aşağı təbəqəsinin idealizmdən, ideallardan və Allahdan uzaq praqmatik əxlaqı ilə yaxından tanışam. Tanışam deyəndə ki, sevdiyim xalqımı düzgün saydığım yola dəvət edəndə, bu əxlaq daşıyıcıları üstümdən T-34 tankı kimi keçib gedib. Keçib gedib və mənə iki Mirzənin nə qədər və daima haqlı olduğunu sübut edib.
Lakin! Rastlaşdığım və ünsiyyətdə olduğum minlərlə insan qiyafəli məxluq sürüsünün içində əksəriyyət təşkil edən iblislərlə yanaşı bəxtimə həqiqi mələklər də düşüb. Özü də deyəsən tək mənim bəxtimə yox, yazıçı Şərif Ağayarın da bəxtinə belələri düşüb. Düşməsəydi, “Arıların səssizliyi” toplusunda “Anaxanım” hekayəsini yaza bilməzdi. Kiçicik hekayənin sonunda Anaxanımın çöldən-kəsəkdən yığdığı quru təzəyin yanmasından “göyə ucalan bulud kimi ağappaq tüstü” əksəriyyətin bədbəxt saydığı bu xeyirxah insanı əhatə edən saflığın rəmzi kimi dərk edilir.
“Qazanca”, nəyin bahasına olursa olsun maddi əşyaların kəsb edilməsinə köklənmiş milli cəmiyyətimiz həmin bu “qazanc”a nail olmaq əsnasında hansı mənəvi itkilərə məruz qalır sualını özünə vermir, zira yazıçının şahid ifadəsi kimi yığcam və sadə dillə təsvir etdiyi cəmiyyətimizin üzvlərinin əksəriyyətində ümumiyyətlə mənəvi dəyərlər məfhumu yoxdur. Belə mənəvi dəyərləri qəbul edən, duyan və onlara sadiq qalmağa çalışan insanlar bu cəmiyyət üçün yad və amansızlıqla rədd edilən ünsürdür. Bu sadə həqiqəti dərk etmiş ziyalı (“Ay vətəndaşı” hekayəsi) doğma kəndinin camaatına Ayda torpaq aldığını, Ayın vətəndaşlığını qəbul etdiyini bildirir. Nə qədər əcaib görünsə də, bu məlumat kənd əhlində “qazanmağı bacarmayan uğursuz” ziyalıya münasibəti bir misqal müsbətə dəyişir.
Şərif Ağayarın hekayələrinin dəyişməz əsas qəhrəmanı bu milli cəmiyyətimizlə barışmaq istəməyən, buna görə ona daima yad olan ziyalıdır, yəni özüdür. Hadisələr, qəziyyələrin iştirakçıları dəyişir, bir dəyişməyən bu gerçəkliyi qəbul etməyən baş qəhrəmandır. Məcburi köçkünləri o, belə görür: “Heyvan saxlamaq və laqqırtı vura-vura domino oynamaqdan başqa məşğuliyyəti olmayan, hava qaralar-qaralmaz çırağını püfləyib arvadlarının yanına dürtülən bu üzütüklü kişilər arzuolunmaz hamiləliyin qayğısını çəkməyəcəkdilər artıq. Corcinin sehrli əlləri dünyaya gələcək körpələrin yolunu analarının bətnindəcə bağlamışdı” (“Corci” hekayəsi).
Yazıçı heç bir rəsmi əsatirə uymadan hadisələri olduğu kimi təsvir edir, düşünə bilən oxucu isə bu cəmiyyətin düşdüyü ağır və alçaldıcı vəziyyətin məhz bu məxluqatın yaşayış tərzinin, törətdikləri hərəkətlərin məntiqi aqibəti kimi başlarına gəldiyini dərk edir. Tariximizdə “Birinci Qarabağ müharibəsi” adlandırılmış biabırçı başıpozuqluğun və dərəbəyliyin nəticəsi olan köçkünlüyün (“Hərbi-siyasi məsələ” hekayəsi), bir kənd əhlinin olmazın zülm, yalan və qorxaqlığının qaçılmaz cəzası kimi düşmən hücumunun başlanması (“İşğaldan bir gün əvvəl” hekayəsi), kənd icmasının məzlum “kiçik insana” zalım, insanpərvərlikdən uzaq münasibəti (“Arıların səssizliyi” hekayəsi), amneziyaya uğramış zəngilanlı Köçəri dayının yazıq və məzmunsuz mövcudluq hekayəti və hətta belə məxluqa şəfqətli münasibətin mümkünlüyü (“Yaddaş” hekayəsi), insanlar arasında hökm sürən zorakı münasibətlərin qurbanı olmuş kimsəsiz qadına zalım cəmiyyətin münasibəti (“Məsmə üçün dua” hekayəsi)… Daha səciyyəvi olan belə hekayələrin adlarını sadalamaq istəmirəm, zira müxtəlif talelər və qəhrəmanlar bu acı köçkünlüyün doğurduğu zillətin içində birləşiblər. Bu, çox ağır şahid ifadələridir.
Fəqət, bayaq ərz etdiyim kimi, bu faciə içində bir nikbinlik doğuran mərhəmət, həmrəylik, mərdlik əlamətləri təsvir edilir ki, cəmiyyətin öz insanlığını, nəyin bahasına olursa olsun, ləyaqətini qorumaq əzmini sübut edir. “Şəkil” və “Cəfər əmimin yolları” hekayələri hadisələri uşaq gözü ilə təsvir edir, dünyada hələ də uşaq məsumluğuna və ümidlərinə yer tapıldığını deyir. “Qumru” hekayəsi yenilməz qadın qürurunun mövcudluğunu təsdiq edir. “Şeqlov üsulu” amansız cəmiyyətdə aciz və kasıb insanların belə qələbə çalıb xilas yolu tapa bilməsini təsvir edir.
Şərif Ağayarın hekayələr toplusunu müasir cəmiyyətimizin dərk edilməsi üçün durbinmi, zərrəbinmi qəbul edirəm. Yazıçı tarixin məhkəməsində şahid ifadəsi verir. Hakim və prokuror yoxdur, kompüter ekranı qarşısında tənha oturub, sualları vicdanının hökmü ilə şahidə özü verir, özü cavabını yazır. Durbinmi, zərrəbinmi yazıçının yaşadığı məkanda və mühitdə gəzib dolaşır, rastına çıxan insanları və hadisələri göstərir.
Bir oxucu kimi məni içəridən az bildiyim köçkün cəmiyyəti maraqlandırırdı. Oxucu marağı məni bu hekayələr toplusuna cəlb etdi və yazıçı onun üçün maraqlı olan taleləri canlandıranda (“Kərpickəsən kişinin dastanı” hekayəsi) bilmədiyim həyat səhnə və layları ilə tanış oldum. Onu da anladım ki, dünyada işlək valyutalar (dollar, avro, yuan və s.) ilə yanaşı ölkəmizin əyalət yerlərində daha bir sabit milli valyuta işləyir və onun adı TOĞLUdur. Bu valyutaya eyni həvəslə həm məmurlar, həm hərbçilər, həm polis nəfərləri maildirlər. Bu valyutanı emissiya edən nə Mərkəzi Bankdır, nə də Beynəlxalq Valyuta Fondu. Valyutanı emissiya edən bizim fağır başıqapazlı kəndlidir. Bu valyuta ilə özünün yaşamaq hüququnu təmin edir.
Şərif Ağayarın canlandırdığı iki insan tipi barədə mən də öz şahid ifadəmi vermək istərdim. Biri ədəbiyyatın təsvir edib ərsəyə gətirdiyi “kiçik adam”, rus Akakiy Akakiyeviçi və bizim Novruzəli surətidir ki, düzgün mövqedə duran adamlar onları sevməsə də, onlara acımalıdır (“Estafet” hekayəsi). Mən özüm bu kiçik və aciz adamlardan qorxuram, zira onları çox görmüşəm və bilirəm ki, onlardan zalım və amansız birisini tapmaq çətindir. Səbəb elə onların bəsitliyində gizlənir. İkinci ədəbi (və həyati) surət Babək Ardanuşludur (“Xürrəm” hekayəsi), belələri ilə həyatda çox rastlaşmışam və bilirəm ki, bizlərdən xeyli əvvəl bu tipi Balzak “Qorio ata” əsərinin qəhrəmanlarından biri olan Rastinyak surətində canlandırıb. Həyatımın AXC mərhələsində əmin olmuşam ki, cəmiyyətimizin avanqardı əsasən belə Rastinyaklardan ibarətdir. Odur ki, milli Rastinyak mənim üçün əsla orijinal sayılmadı, sadəcə standart tipə bir neçə yerli rəng çalarları qatıldı.
Şərif Ağayarın hekayələrinin sonu novellistikdir, təhkiyə gözlənilmədən bəsit bir təzahürün təsviri ilə qurtarıb oxucunu onun daşıdığı gizli məna barəsində düşünməyə dəvət edir. Mən də yazıçıdan bu bədii fəndi əxz edib tənqidi essemi mövzuya bilavasitə dəxli olmayan bir cümlə ilə bitirmək istəyirəm:
”Hüsülü kənd orta məktəbinin nə qazla, nə elektriklə, nə də odunla işləyən istilik sistemi yoxdur deyə, şagirdlər qışda siniflərdə əsim-əsim əsirlər”.