Elnur Babayev ifadəni direktorun otağında valideynlərinin iştirakı olmadan polis əməkdaşının diqtəsi ilə veribmiş
Oktyabrın 3-də Xətai rayon məhkəməsində Bəxtiyar Məmmədovun sədrliyi ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu, 17 yaşlı Əli Gülalıyevin işi üzrə məhkəmə istintaqı başlayıb. O, xuliqanlıqda ittiham olunur. Əli Gülalıyev ötən ilin 20 sentyabrı tarixində NZS qəsəbəsində təhsil aldığı 165 nömrəli məktəbdə davada iştirak etməkdə təqsirləndirilir. Bu iş üzrə zərərçəkmiş kimi həmin məktəbin şagirdi Bayram Sultanlı keçir.
Prosesdə zərərçəkmiş və onun qanuni nümayəndəsi iştirak etməyib.
Şahidlərdən yalnız biri, 165 nömrəli məktəbin keçmiş şagirdi Elnur Babayev məhkəməyə gəlib. İclas zamanı o, ibtidai istintaqa verdiyi ifadələrdən imtina edib. Xüsusən, Elnur Babayev heç bir dava görmədiyini bildirib.
İfadəni isə direktorun otağında polis əməkdaşının diqtəsi ilə verib.
Maraqlıdır ki, yetkinlik yaşına çatmamış Babayev bu ifadələri valideynlərinin iştirakı olmadan verib.
Digər şahidlər iclasa gəlməyiblər və hakim onların oktyabrın 15-də keçiriləcək növbəti iclasa məcburi gətirilməsi haqqında qərar qəbul edib.