“Nazir Əli Abbasov rayona gələndə işlər görülüb”
Yanvarın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov və digərlərinin məhkəmə prosesi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Fauq Hümbətov ifadə verib. O bildirib,”Aztelekom” MMC-nin Şamaxı qovşağında rəis işləyib və istintaqa verdiyi ifadəni təsdiq edir.
Şahidin sözlərinə görə, 2012-ci ildən sonra iki kənddə rabitə işləri görülüb və bu işlər 80 min manat alınıb: “Həmin pullar da işlərə sərf olunub. Bu məbləğ nə puldur ki, mənə də qalsın? Bizə qalan yeyib-içmək olub. Amma pul qalsaydı, yaxşı olardı”.
Onun ifadəsində ziddiyyətlər olduğundan istintaqa verdiyi ifadəsi elan edilib.
İstintaqa verdiyi ifadəsində bildirib ki, nazir Əli Abbasov rayona gələndə işlər görülüb: “Nazirin göstərişi ilə işlərin görülməsi üçün vəsait ayrılıb. İşlər görüləndən sonra həmin vəsaitdən 3 min manat qalıb. O pulu da xərcləmişəm”.
İfadəsini təsdiqləyən şahid deyib ki, qeyd olunan məbləğdə pul ona qalıb və həmin məbləği ödəyib.
Daha sonra şahid Yaqub Cəfərov ifadə verib. O, bildirib ki, “Aztelekom”da təchizat şöbəsinin rəisi işləyib: “Malların alınması ilə bağlı suallar verilib. Cavab olaraq bildirmişəm ki, qovşaqların özləri qanun-qayda ilə “kodirovka” işləri görüblər, bizdə işlərinə nəzarət etmişik”.
Şahid suallara cavab verərkən deyib ki, nazirliyin elan etdiyi tenderlerdə qalib gələn MMC rəhbəri Seymur Quluzadənin nazirlikdə kimin adamı olmasını bilməyib.
Bu zaman arayış verən Məhəmməd Məmmədov bildirib ki, Yaqub Cəfərov rayon qovşaqlarının keçirdiyi “kodirovka”larda iştirak etməyib: “Avadınlıqlar təchizatın saxlancına daxil olub, lazımı səviyyədə hazırlandıqdan sonra adiyyatı rayona göndərilib. Bununla bağlı göstərişi də mən vermişəm”.
Şahid Səbuhi Hüseynov ifadəsində deyib ki, Tovuz rayon telefon qovşağının rəisi vəzifəsində işləyib. Bildirib ki, “Aztelekom”un hesabına ayda 5 min manat pul ödənilib. “Bu, abunəçilərdən yığılan pullar idi”.
Məhəmməd Məmmədov da bəzi qovşaqlardan ayda 5000 manat alınmasını təsdiq edib. Onun sözlərinə görə, bu, kredit pulları olub: “Amsterdam şəhərindən kreditlə avadanlıq alınmışdı. Bu kreditin ödənilməsi üçün rəsmi qaydada internet abunəçilərindən daxil olan pullardan qovşaqlar hər ay pul ödəyirdi. Bununla bağlı qovşaqlara rəsmi məktub göndərilmişdi”.
İclasda hakimlər məhkəməyə gəlməyən digər şahidlərin məcburi gətirilməsi haqqında qərar verib.
Proses yanvarın 25-də davam edəcək.
İstintaq materiallarına görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.