Vəkil məhkəmədən vaxt istədi
İyulun 3-də Səbail rayon Məhkəməsində “Azadlıq” qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda şahid qismində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşı Həsən Əliyev ifadə verib. O bildirib ki, Faiq Əmirlinin evində aparılan axtarışda və avtomobilinə keçirilən baxışda iştirak edib. Faiq Əmirlini əvvəllər tanımadığını deyən şahid bildirib ki, ötən ilin avqustunda idarəyə onun haqqında məlumat daxil olub: “Bundan sonra onun evində hal şahidlərinin və ev sahibəsinin iştirakı ilə axtarış apardıq. Evdə və maşında axtarış zamanı disklər, bir sıra ədəbiyyatlar tapdıq”.
Faiq Əmirlinin vəkili Aqil Layıcov ondan avtomobil hansı rəngdə olduğunu soruşub. Şahid avtomobilin rənginin qara olduğunu deyib. Halbuki, Faiq Əmirlinin idarə etdiyi maşın göy rəngdədir.
İclasda hakim bildirib ki, iş üzrə şahidlərdən Elvin Ağayev məhkəməyə teleqram göndərərək, istintaqdakı ifadəsini təsdiqlədiyini bildirib.
Hakim gəlməyən şahidlərin ifadələrinin elan olunmasıyla kifayətlənməyin mümkünlüyünü müzakirəyə çıxarıb. Vəkil Aqil Layıcov bu məsələyə münasibət birdirmək üçün vaxt istəyib.
Məhkəmə prosesi iyulun 4-də davam edəcək.
F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.
Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.
Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitabların tapıldığı deyilir. Lakin F. Əmirli ittihamları rədd edir və saxta adlandırır. O, həm də AXCP sədrinin köməkçisidir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.