Şahid: Dırnaqlarımı kəlbətinlə çıxarıblar

“Qız uşağının döşəyinin altına bir ovuc güllə qoymuşdular. Məcbur elədilər, istədikləri ifadələri imzaladım”

Source:


“Qız uşağının döşəyinin altına bir ovuc güllə qoymuşdular. Məcbur elədilər, istədikləri ifadələri imzaladım”

“Ötən məhkəmə prosesindən sonra Abbas Hüseynov cərimə kamerasına salınıb və bu gün də prosesdə iştirakına icazə verilmir”.

Bu sözləri vəkil Nemət Kərimli oktyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə keçirilən məhkəmə prosesində deyib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda “Müsəlman Birliyi”Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərimühakimə olunurlar.


“Ötən dəfə zərərçəkmişə qarşı nalayiq hərəkət olub”

Prosesdə hakim Əlövsət Abbasov deyib ki, Abbas Hüseynovun cərimə kamerasına salınması barədə qərar məhkəmə tərəfindən verilməyib: “Ötən prosesdə zərərçəkmiş şəxsə qarşı nalayiq hərəkətlər edildi. Bununla bağlı akt tərtib edilib. Onun cərimə kamerasına salınması bizim göstərişimizlə olmayıb. Lakin iclasda iştirakına məhkəmə tərəfindən icazə verilmir, çünki qaydaları pozub”. Taleh Bağırzadə isə deyib ki, əgər Abbas Hüseynov iclasda iştirak etməsə prosesin keçirilməsinə imkan verməyəcəklər.

Vəkil Yalçın İmanov bildirib ki, Abbas Hüseynov prosesdə iştirak etmək və məsələyə aydınlıq gətirmək istəyir. Hakim isə bildirib ki, bundan əvvəl də Abbas Hüseynov qaydaları pozub, sonra belə hərəkət etməyəcəyinə söz verib. Taleh Bağırzadə rejimi zalım adlandırıb:

“Bu rejim zalım rejimdir və siz də onun tərkib hissəsiniz. Ona görə bu rejim getməlidir”. Təqsirləndirilən şəxslər iclasda “İstefa”, “Azadlıq” şüarları səsləndiriblər. Məhkəmədə fasilə elan edilib.


“Biz məhkəmədən ədalət gözləmirik”

Fasilə zamanı çıxış edən Fuad Qəhrəmanlı deyib ki, onların məhkəməsi sırf siyasi məsələdir: “Biz məhkəmədən ədalət gözləmirik, gözləmək də lazım deyil. Cəmiyyət görməlidir ki, hakimiyyət onlara qarşı çıxanlara necə təzyiq edir. Heç kim bu hakimiyyətdən mərhəmət gözləməsin. Cəmiyyətdə narazılıq getdikcə artır. Əvvəl-axır bu hakimiyyət gedəcək. İndiyə kimi siyasətə qarışmayan adamlar meydana çıxacaq, öz haqlarını tələb edəcəklər. Evdə oturmaqla, çayxanada qeybət etməklə bu hakimiyyətin getməsinə nail olmaq olmaz. İnsanları fədakarlığa hazırlamaq lazımdır. 2-3 faiz adam meydanlara çıxsa, vəziyyət dəyişəcək. Azərbaycan hakimiyyəti siyasi məhbus məsələsini alverə çevirib. Sabah bizi buraxıb, başqasını tutacaqlar. Nə pislik istəyirlər etsinlər, bizim qorxumuz yoxdur. Gücü canlı təbliğata vermək lazımdır. Facebook sosial şəbəkəsində bir milyondan çox adam var. Onların fikrini dəyişsək, çox şey dəyişər. Aksiyalara daha çox adam getməlidir. Xalqın fikrini dəyişmək bir partiyanın, təşkilatın işi deyil. Hakimiyyət anlamalıdır ki, tutmaqla, həbslə narazılığın qarşısını almaq olmaz. Bizi çox görsələr vahimələnəcəklər. Biz istəyirik hər şey dinc yolla baş versin. Biz bu gün Azərbaycan xalqının düşmənləri ilə üz-üzəyik. Düşməndən mərhəmət gözləmək olmaz “.





Xəbər göndərirsiniz ki, prosesi təcridxanada keçirəcəksiniz”

Daha sonra iclasda fasilə elan edilib. Fasilədən sonra Taleh Bağırzadə çıxış edərək bildirib ki, Abbas Hüseynova qarşı haqsızlıq olub: ”Siz bizi dinləyib sonra qərar verməli idiniz. Ötən iclasda baş verənlərdən sonra Abbas “kars”a salınıb. Bu gün onun ikinci dəfə cəzalandıraraq iclasa buraxılmaması düzgün deyil. Bizə təhdiq xarakterli mesajlar göndərirsiniz. İstəyirsiniz prosesi ayda bir dəfə keçirdin, bizə dəxli yoxdur. Biz onun iştirakını istəyirik”. Hakim isə deyib ki, Abbas Hüseynov məhkəməyə müraciət etdiyi təqdirdə baxılacaq: “Biz də istəyirik ki, proses davam etsin”.

Taleh Bağırzadə isə deyib ki, prosesin sonunda veriləcək qərarı çoxdan bilirlər: “Biz ona görə sizə deyirdik ki, bu işdən uzaqlaşın. Çünki bu siyasi işdir və burada sizin də adınız var. Biz nə  sizin rəhbərlikdən , nə də sizdən qorxmuruq. Xəbər göndərirsiniz ki, prosesi təcridxanada keçirəcəksiniz. Harada istəyirsiniz keçirin. Bizi Kürdəxanı təcridxanası ilə qorxudursunuz? İbrahim Kazımov bizə işgəncə verib. Ona gül atası deyildik. Siz diktatura məntiqi ilə çıxış edirsiniz. Mən ölərəm, sizin yerinizdə oturmaram. Siz burada işləyirsiniz. Rüşvətdən uzaq olun, insanları günahsız yerə cəza ilə yükləməyin. Sizə yuxarıdan sifariş gəlib, ya nədirsə, bilmirik nə etmək istəyirsiniz. Siz söz versəniz də, verməsəniz də, danışacam. İlham Əliyev bizə söz vermişdi ki? Biz sözümüzü hər zaman demişik”.

Təqsirləndirilən Cabbar Cabbarov isə deyib ki, “Şrek ” ləqəbli İbrahim Kazımov Mehriban Əliyevanı təhqir edib: “Mən proses başlayandan deyirəm ki, o, Mehriban Əliyevanı söyüb. Niyə ona irad tutmadınız?”


“Mən İlhamçı adamam”

Daha sonra iclasda hazırda həbsdə olan Nardaran sakinləri şahid qismində məhkəmədə ifadə veriblər. Nadir Qədirov deyib ki, heç nədən xəbəri olmayıb: “Mən İlhamçı, Mehribançı adamam. Burada nə gəzirəm, bilmirəm. Mənə işgəncə verilməyib, lakin nəyə deyiblər, qol çəkmişəm. Çünki döyüləsi yaşda deyiləm. Mənə axırda deyiblər “Talehin üzünə dur”. Mən bunu etmədim. Dedim, 20 il də iş versəniz, etmərəm. Mən həbs olunandan sonra anamın ağlı başından gedib. Bunu heç vaxt bağışlamayacam. İstintaq zamanı verdiyim ifadələri təsdiq etmirəm”.

Hazırda həbsdə olan Nardaran sakini Əliağa Qasımov da istintaq zamanı məcbur qalıb ifadəni imzaladığını deyib: “Ağac acı, can şirin olar. Məcbur qalıb imzalamışam.  Mənim nə ov tüfəngim, nə gülləm olub. Bir əl ağacım olub. Kürəkənimi də tutub 10 il iş veriblər. Neçə ailəni başsız qoydular. Günahsız müsəlmanlara niyə belə zülm edirlər? Allah şahiddir ki, biz heç vaxt hakimlik iddiasında olmamışıq. Evdən çıxanda balalarım ağladı. Bunu onlara bağışlamıram. İstintaq zamanı verdiyim ifadəni təsdiq etmirəm”.

Daha sonra məhkəmədə vəkil Nemət Kərimli Abbas Hüseynovun iştirakının təmin edilməsini istəyib. Məhkəmədə onun iştirakı təmin edilib.  Hakim  ona bir daha xəbərdarlıq edib. Abbas Hüseynov isə deyib ki, ötən iclas zamanı olanların günahkarı “Bandotdel”in yalan ifadə verən işçiləridir.


“İstintaqda verdiyim ifadəni təsdiq etmirəm”

Şahid, hazırda həbsdə olan Raci Babayev də istintaq zamanı təzyiqə məruz qaldığını, həmin vaxt verdiyi ifadələri təsdiq etmədiyini deyib: “Məni məcbur ediblər, qol çəkmişəm.Yataq döşəyimə qumbara qoyub, sonra çıxarıblar. “Niyə namaz qılırsan, niyə nardaranlısan”- deyib işgəncə verirdilər”.

Nardaran sakini olan şahid Ağasəlim Cəbrayılov da istintaq zamanı təzyiqə məruz qaldığını deyib: “13 yaşlı uşağımın döşəyinin altına qumbara qoyublar. Sonra da artislik edirdilər ki, “əl dəymə, partlayar”. Necə şərəfiz insanlardılar. Qız uşağının döşəyinin altına bir ovuc güllə qoymuşdular. Məcbur elədilər, istədikləri ifadələri imzaladım”.

Prokuror ondan məruz qaldığı təzyiqlərə bağlı harasa şikayət edib-etməməsini soruşub. O, “Allaha şikayət etmişəm. Burada şikayət eşidən var?” cavabını verib.

Vəkillər ondan işgəncələr haqqında ətraflı danışmasını istəyiblər. Lakin o, danışmaq istəməyib: “Mənim 52 yaşım var. Camaatın qarşısında danışmaq istəmirəm. Evimə bomba qoyub, sonra da deyirlər, bunu kim verib de”.

Nardaran sakini olan Zahid Zəkiyev də şahid qismində ifadə verib. O da Nardaran hadisələrindən sonra həbs edilib. Z. Zəkiyev istintaq zamanı işgəncəyə məruz qaldığını deyib: “İmkan varsa, açıb ayaq barmaqlarımı göstərim. Dırnaqlarımı kəlbətinlə çıxarıblar. Kərim Əlimərdanov mənə işgəncə verib. Lakin dırnaqlarımı çıxaranın üzündə maska olduğundan, üzünü görməmişəm. 50 nəfər it kimi düşürdü üstümə. 26 noyabrda atəş səsi eşidib gəldim həmin evin qarşısına. Bəlkə 150 nəfər polis tökülmüşdü oraya. Hicablı qadını qolundan tutub sürüyüb atdılar bayıra. Qadınların səsi gəlirdi. Bizə dedilər, yaxınlaşsanız vuracağıq. Əməliyyata üzərində “Elit Mebel” yazılan maşınlarla gəlmişdilər. Yolda maşını necə sürmüşdülərsə, bir qadını vurub atmışdılar yolun kənarına”.

Vəkil Yalçın İmanov ondan barmaqlarını göstərməyi istəsə də, hakim deyib ki, eksperiment keçirmək lazım deyil.

Proses oktyabrın 19-da davam edəcək.

Ana səhifəXəbərlərŞahid: Dırnaqlarımı kəlbətinlə çıxarıblar