Sahibsiz itlərlə bağlı məhkəmə qalmaqalına Bakı şəhər Baş Polis İdarəsi də qoşuldu

Hakim bu qurumun üçüncü tərəf kimi məhkəmə prosesinə cəlb olunması barədə qərar qəbul edib

Xəzər Rayon Məhkəməsində icra başçısı Gülağa İslamovun Mərdəkan qəsəbəsində həyətyanı sahəsində 300-ə qədər sahibsiz it saxlayan Eldar Mansurova qarşı iddiası üzrə məhkəmə oktyabrın 1-də davam etdirilib.

Hakim Əkrəm Qəhrəmanovun sədrliyilə keçirilən prosesdə məhkəmə baxışı yenilənib. Bundan əlavə, icra başçısı ilə vətəndaşın davasına Bakı şəhər Baş Polis İdarəsi də qoşulub. Hakim bu qurumun üçüncü tərəf kimi məhkəmə prosesinə cəlb olunması barədə qərar qəbul edib.

Məhkəmə prosesi oktyabrın 8-nə qədər təxirə salınıb.

İt saxladığına görə məhkəməyə verilən E.Mansurov keçmiş polis zabitidir. Ondan məhkəməyə şikayət edən icra başçısı G.İslamov iddia ərizəsində yazır ki, Mərdəkan sakini olan bir qrup şəxs icra hakimiyyətinə E.Mansurovun qəsəbədə, R. Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxlaması haqda məlumat verib. İcra başçısının sözlərinə görə, sakinlərin şikayəti araşdırılıb, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Mərdəkan bələdiyyəsi və s. 10-a qədər orqanın əməkdaşları E.Mansurovun həyətinə baxış keçirib. G.İslamov iddia edir ki, baxış zamanı həmin ərazidə kəskin qoxu və səs-küy gəldiyi məlum olub. Araşdırmalardan sonra E. Mansurova barəsində inzibati xəta protokolu tərtib olunub, ondan sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub.

"Xahiş edirik, araşdırma aparılıb, qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsi barədə qərar qəbul edəsiniz”, - icra başçısının iddia ərizəsində tələb belədir.

E.Mansurov isə bildirir ki, sahibsiz itlərin sığınacaqla təmin olunması əslində, müvafiq dövlət orqanlarının işidir. Ancaq onlar öz öhdəliklərinə əməl etmədiyinə görə o, öz mülkiyyətində olan ərazidə itlər üçün sığınacaq yaradıb, ayrı-ayrı adamların köməyilə onları saxlayır. Sahibsiz itlər üçün sığınacaq, torpaq sahəsi ayrılması xahişilə müxtəlif dövlət orqanlarına məktublar yazıb, lakin nəticəsi olmayıb. İcra hakimiyyəti və bələdiyyədən bildirilib ki, bu məqsədlə ayırmaq üçün balanslarında torpaq sahəsi yoxdur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/e71nhf

Ən çox baxılan