İqtisadçılar hesab edir ki, bu, vergiyə cəlb olunmaq üzrə müəssisələri bir-birindən fərqləndirmək imkanı yaradacaq
Baş nazir Novruz Məmmədov “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib.
Bildirilir ki, illik gəliri 200 min manata qədər olan və maksimum 10 işçiyə sahib olanlar mikro sahibkar, illik gəliri 200 min manatdan 3 milyon manata kimi və 11-50 işçiyə sahib olanlar kiçik sahibkar, illik gəliri 3 milyon manatdan 30 milyon manata kimi və 51-250 işçiyə sahib olanlar orta sahibkar, illik gəliri 30 milyondan çox və 250-dən çox işçiyə sahib olanlar isə iri sahibkar hesab olunacaq.
Eyni zamanda, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
İqtisadçı Azər Mehtiyev Meydan TV-yə xatırladıb ki, bu cür bölgü dünyanın hər yerində var və vergi güzəştlərinin tətbiq olunması üçündür. Amma Azərbaycanda bu siyahıya mikro müəssisələr də əlavə olunub ki, bu da həm dövlət büdcəsindən, həm də Vergilər Nazirliyindən verilən müxtəlif güzəştlərin çərçivələrini müəyyən etmək üçündür.
“Eyni zamanda, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə mikro müəssisələr ayrı göstərilib və onların vergiyə cəlb edilməsi üzrə müəyyən müddəalar daxil edilib. Bu isə vergiyə cəlb olunmaq üzrə müəssisələri bir-birindən fərqləndirmək imkanı yaradacaq”, – deyə iqtisadçı qeyd edib.
A.Mehtiyev deyir ki, artıq sadələşdirilmiş vergi çərçivələri məhdudlaşdırılıb. Əvvəllər geniş çərçivədə tətbiq olunurdusa, bundan sonra yalnız mikro müəssisələrə şamil olunacaq. Həm də bu tip müəssisələrin özlərində də müəyyən vergi güzəştlərinin dəqiqləşdirilməsinə ehtiyac olması səbəbindən həyata keçirilir.
İqtisadçı Vüqar Bayramov da deyir ki, Vergi Məcəlləsinə kiçik və orta sahibkarlarla yanaşı bir sıra sahibkarlıq subyektləri də əlavə olunub:
“Burda güzəşt məsələsi də var, əvvəlki dövrlərdə güzəştlər kiçik sahibkarlara aid idi, Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra güzəştlər mikro sahibkarlara şamil olunacaq. Söhbət mikro sahibkarların həm sadələşdirilmiş vergi subyekti olaraq 2 faiz ödənişindən, həm də onlara mənfəət və gəlir vergisindən 75 faiz güzəşt olunmasından gedir. Qərar daha çox Vegi Məcəlləsində təyin edilən güzəştlərdən kimlərin istifadə edəcəyi ilə bağlıdır”.
Vergi Məcəlləsinə 100-dən çox əlavə də dəyişiklik edilib. Həmin dəyişikliklərə əsasən, ölkədəki makro və kiçik sahibkarlıq subyektlərinə 2019-cu ildən balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək.
Bu dəyişikliyə qədər kiçik sahibkarlıq subyektlərindən də xalis mənfəəti öz təsisçiləri arasında bölüşdürərkən ümumi qaydada 10 faiz dərəcə ilə vergi tuturdu.
Bundan sonra sahibkarlıq subyektlərinə şəffaf uçot apadıqları halda əlavə vergi güzəştləri veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaq.
Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər nəzərdə tutulduğu deyilir.
Hüquqşünas
Ələsgər Məmmədli
bu dəyişiklikləri mənfi hal kimi qiymətləndirib:
“Müəyyən islahatlar adı altında vergi dərəcələndirmələri dəyişdirilir. Amma nədənsə Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 15-ci bəndində ona verilmiş müstəsna səlahiyyəti-vergiləri müəyyən etmə səlahiyyətini bəlli bir qrup üçün 101.1-6 maddədə qeyri-müəyyən orqana verib: 101.1-6, bu Məcəllənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Məsələ çox sadədir, Konstitusiyanın 73-cü maddəsi ilə bu norma ziddiyyət təşkil edir. 73-cü maddə deyir ki: Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Yəni Vergi Məcəlləsi bu Məcəllənin məqsədləri üçün “neft-qaz sahəsi” və “qeyri-dövlət sektoru” anlayışlarını aydın göstərməlidir”.