Qanuna bəzi istisnalar daxil edilir
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması təklif edilir.
Bununla bağlı Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Qanun qida və dərmanların keyfiyyəti ilə bağlı yoxlamalara tətbiq edilməyəcək.
İclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə deyib ki, qanuna yeni maddə də əlavə edilib.
“Maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub”.
Komitənin üzvü Vahid Əhmədov deyib ki, bu vaxtadək dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən qida məhsullarına təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar həyata keçirilmirdi. O vurğulayıb ki, dərman vasitələri ilə yanaşı qida məhsullarının da keyfiyyətinə nəzarət olunmalıdır.
Məsələyə “Facebook” sosial şəbəkəsindəki səhifəsində münasibət bildirən ReAL hərəkatının icraçı direktoru, iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, yoxlamalar lazım deyilsə, niyə birdəfəlik ləğv edilmir və əgər lazımdırsa niyə dayandırılır?
“Necə olur ki, yoxlamalar dayandırılandan sonra biznesə yönəlik reydlər 1000 dəfə azalıb, bəs niyə əvvəl bu qədər çox idi? Dünyada biznesin ən gözəl və effektiv nəzarətçisi – müştəridir. Biznes keyfiyyətsiz mal satacaq – müştəri itirəcək, biznes pis xidmət göstərəcək – müştəri qaçacaq, biznes yaxşı işləməyəcək – bankrot olacaq. Bunun üçün isə azad və ədalətli rəqabət mühiti, normal məhkəmə sistemi, işlək sivil toplum və peşəkar media lazımdır”.
2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununun layihəsi qəbul olunub.
Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunurdu. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.