Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti artırıldı

Qanun layihəsi təsdiqlənib

Foto: Meydan TV


Qanun layihəsi təsdiqlənib

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin daha bir il uzadılması barədə qanun layihəsi III oxunuşda təsdiqlənib.

Layihə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun 2015-ci ildə qəbul olunub.

Qanunun qüvvədə olduğu müddətdə yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılmasına icazə verilir.

Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhduddiyətlər nəzərə alınmaqla aparılır.

2017-ci ildə qanunun qüvvədə olma müddəti 2021-ci ilədək uzadılıb.

Həmçinin, həmin vaxt qanuna dəyişiklik edilərək, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətlə bağlı yoxlamaların həyata keçirilməsinə icazə verilməsi əlavə olunub.

Hazırda qanunda tutulan yoxlamalar aşağıdakılardır:

Vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar.

Bu yoxlamalar qanunda nəzərdə tutulmuş müddətdə aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Ana səhifəXəbərlərSahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti artırıldı