”Deyirlər ki, monopolistlər heç olmasa onlara kömək edirdi”
Bir aydır ki, İrandan, Türkiyədən, Çindən mal gətirən sahibkarlar öz malllarını gömrükdən keçirə bilmirlər. Çünki onlar 36 faizlik vergini ödəməkdə çətinlik çəkirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Musa Quliyev parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı dilə gətirib.
Onun sözlərinə görə, artıq iş o yerə çatıb ki, sahibkarlar monopoliyanın az qala yenidən bərpa olunmasını istəyirlər: “Deyirlər ki, monopolistlər heç olmasa onlara kömək edirdi. Prezidentimizin də orta və kiçik sahibkarlara dəstəklə bağlı çağırışları ortadadır. Ancaq bu hal həmin çağırışlara ziddir. Ona görə də təcili orta və kiçik sahibkarlığın inkişafına kömək etmək lazımdır”.
O eyni zamanda idxal olunan dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını da təklif edib: “Bu yaxınlarda prezident un məmulatlarını ƏDV-dən azad etdi. Nəzərə alaq ki, un məhsulları qədər dərmanlara da əhalinin böyük ehtiyacı var. Ona görə də dərman vasitələrini ƏDV-dən azad etmək lazımdır”.