Sahibkarlar Lənkəran polisindən sikayətçidir

Foto: arxiv

“Pulları alınan sahibkarlar var, ancaq siqnalizasiya sistemi aylardır quraşdırılmayıb”

Lənkəranda bir qrup sahibkar polisdən şikayətçidir. Ancaq onlar təhlükəsizliyi səbəbindən adlarının açıqlanmasını istəmirlər.

“İndi də polis şöbəsində ortaya atıblar ki, obyektlərə siqnalizasya sistemi quraşdırılmalıdır. Buna görə sahibkarları aparıb şöbədə saxlayır, pul alıb buraxırlar”, – adının açıqlanmasını istəməyən sahibkar Meydan TV-yə söyləyib. Deyib ki, özü də daxil olmaqla Lənkərandakı sahibkarlara polis təzyiqi var. Onun sözlərinə görə, bir neçə aydır mağaza, kafe və başqa iaşə, istirahət obyektləri olan sahibkarlardan tələb olunur ki, obyektlərinə siqnalizasiya sistemi quraşdırılsın:

“Deyirlər ki, bu siqnalizasiya sistemi iki formadadır. Birinin qiyməti 600, digərinin qiyməti 1200 manatdır. Birinə görə aylıq ödəniş 50, digərinə görə 70 manatdan çoxdur. Çağırırlar, saxlayırlar polisdə, bu məbləğləri alıb, buraxırlar. Pul verməyəni də hədələyirlər. Bu işlərin başında rəis müavini İltifat Yusifov dayanır. Sahibkarları birbaşa onun otağına aparırlar”.
Sahibkar bildirir ki, ötən il bu məsələ mediada işıqlandırıldıqdan sonra təzyiq səngiyib, indi yenidən başlayıb.

Sahibkar deyir, əslində burada məqsəd heç də vətəndaşa faydalı olmaq deyil, vətəndaşdan pul qopartmaqdır:

“Pulları alınan sahibkarlar var, ancaq siqnalizasiya sistemi aylardır quraşdırılmayıb. Nə qəbz var, nə bir şey. Sahibkar da qorxusundan polisdən soruşa bilmir ki, bu siqnalizasiya oyununun axırı necə oldu. Beləliklə, nə sahibkar yaxın gedir, nə də polis söbəsindən səs çıxır”.

Başqa bir sahibkar danışır ki, problem bununla bitmir. Bir az imkanı olan şəxslərin pullarını əllərindən almaq üçün başqa metodlardan istifadə olunur:

“Görəndə birinin bahalı maşını var, yolda səbəbsiz saxlayırlar, şərləyirlər ki, yol qaydasını pozdun, aparırlar şöbəyə, oraya çatınca polisə müqavimət, tabe olmama, nə maddələr varsa yükləyirlər adama. Bir başqasına bəhanə edirlər ki, sosial şəbəkədə dövlət əleyhinə nəsə yazmısan, halbuki, məlum olur ki, o adamın o yazılandan da, adına açılmış profildən də xəbəri yoxdur. Adamların adından özləri profil yaradıb yazırlar, sonra da şərləyirlər. Şöbəyə çatanda da polisə müqavimət kimi protokollaşdırırlar. İnanın ki, artıq bezmişik”.

DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Meydan TV-yə bildirib ki, vətəndaşlara məxsus obyektlərdə polis tərəfindən siqnalizasiya quraşdırılmır:

Daxili İşlər Nazirliyi. Foto: DİN

Bu işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər tərəfindən və onların şəxsi vəsaitləri hesabına həyata keçirilməlidir”.

“Bugünədək dövlət tərəfindən parklarda, meydanlarda, küçələrdə, prospektlərdə, nəqliyyat infrastrukturlarında və əhalinin sıx toplaşdığı digər yerlərdə kamera quraşdırılıb. Həmin vasitələr uzun illərdir ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında, köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə yardım göstərilməsinin təmin edilməsində uğurla istifadə olunur. Xüsusi olaraq hüquqi və fiziki şəxslərə aid obyektlərə, evlərə siqnalizasiya, yaxud kamera müşahidə sistemlərinin quraşdırılması işi məcburi deyil, tövsiyə xarakterlidir və proses vətəndaşın müraciəti əsasında həyata keçirilir. Bununla bağlı hər hansı qanunsuz ödəniş aparılmır. Ödəniş polis orqanına deyil, vətəndaşla bağlanmış müqavilə əsasında texniki vasitələri quraşdıran şirkətə ödənilir. Bir daha qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan obyektlərində elektron mühafizə sistemlərinin tətbiqinə diqqətlə yanışılmasını tövsiyə edirik”, – Məhəmməd Rzayev deyib.

Ana səhifəBölgəSahibkarlar Lənkəran polisindən sikayətçidir