Adil Qeybulla: ”İstənilən qida predmetinin saxlanma qaydalarının pozulması ciddi problem yarada bilər”
Ötən ilin iyul-dekabr ayları ərzində baytarlıq sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 1315 infeksion və invazion xəstəliklər aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O deyib ki, ölkədə quşçuluq sahəsi ilə məşğul olan sahibkarlar bəzən süni şəkildə toyuğun çəkisini artırırlar:
“Dondurulmuş quş ətinin nəmlik faizi 4 olmalıdır. Lakin bəzi işbazlar nəmlik faizini 22-24 edirlər. Bu da öz növbəsində istehlakçının aldadılmasına gətirib çıxardır. Hazırda AQTA bu sahəyə ciddi nəzarət edir”.
Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, əlavə olunan suyun tərkibi suallar doğurur. Hər halda distilə edilmiş, təmizlənmiş suyu əlavə etmirlər.
“Güman ki, texniki, yaxud məişətdə işlədilən sudan da istifadə edirlər. Həmin suyun tərkibində orqanizm üçün ziyanlı olan və ağır metallar var. Həm də dondurma zamanı və donun açılmasının nə dərəcədə təsiri olacağı təhlükəsizlik məsələdir. Ona görə də alıcılar təzə quş ətinə üstünlük verir”.
Professor Adil Qeybulla qidaların standartları olduğunu xatırladaraq bildirib ki, qurudulmuş, hisə verilmiş, dondurulmuş və müxtəlif situasiyalarda konservə olunan qidalara konkret tələbatlar var.
Adil Qeybulla deyib ki, istənilən qida predmetinin, hətta əlavəsinin saxlanma qaydalarının pozulması ciddi problem yarada bilər.
“Bu, sağlanmlığa ilk növbədə görünməyən təhlükələrdən başlamış zəhərlənmələrə qədər olur. Məsələn, Rusiyada bugün konservə olunan qidaların böyük qismi tərkibində qida əlavəsinin yaratdığı təhlükəyə görə qadağan edilib. Tədricən rasiondan təhlükəli qidaları kənarlaşdırmaq lazımdır və aparılan mübarizə də korporotiv marağa söykənməməlidir”.