Sahibkarlar bazara çəkilən səddə etiraz edir

Şərq bazarına qoyulan sədd burada çalışan sahibkarların həyatına da çəpər çəkib. 66 sahibkar bazar bağlanandan sonra ticarətçidən qaravolçuya çevrilib. Sahibkarların nümayəndəsi Yusif Məmmədov deyir ki, bu ərazi 1994-cü ildə sahibkarlığa kömək məqsədilə tikilib. Onun sözlərinə görə, “Şərq bazarı”nın keçmiş direktoru Rəşid Babayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində sahibkarlara məxsus torpağı özəlləşdirib. 6 il sürən məhkəmə çəkişməsi sahibkarların xeyrinə nəticələnsə də, vəziyyətləri dəyişməyib.

Sahibkarlar artıq burada satış həyata keçirməyin mümkünsüzlüyündən danışırlar. Onlar deyir ki, hər gün bura dükanlarına göz-qulaq olmağa gəlirlər.

Sahibkarlar bazar bağlanandan sonra Sumqayıt Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbulunda olublar. O, köməklik göstərəcəyini deyib. Onlarınsa layihələri də hazırdır. Təkcə Sumqayıt Şəhər İcra Hakimiyyətinin tapşırığını gözləmək qalıb.

Sözügedən Rəşid Babayevin oğlu Eldar Babayev məsələ ilə bağlı danışmaq istəmədi.

Musa Xəlilov adlı təsisçi isə icra hakimiyyəti ilə danışmağımızı söylədi. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəyini öyrənmək mümkün olmadı.

Ana səhifəVideoSahibkarlar bazara çəkilən səddə etiraz edir