Sahibkar monopoliyanın aradan qaldırılmasından şikayətçidir

Asya Əsgərova: “Ora dünyanın ən bahalı dayanacağı da demək olar”

Source:


Asya Əsgərova: “Ora dünyanın ən bahalı dayanacağı da demək olar”

“Bunun nəyi monopoliyanı aradan qaldırmaqdır? Monopoliyanı qaytarsınlar. Əvvəl İrandan kərpici alıb gətirəndə Bakıda daşıma xərcləri, bizim xeyrimiz də daxil olmaqla 11 qəpiyə satırdıq. İndi isə monopoliya aradan qalxıb və kərpicin biri 16 qəpiyə başa gəlir. Bakıda biz onu neçəyə sataq ki, xeyr götürək?” – sahibkar Asya Qüdrət qızı Əsgərova belə deyir.

Onun sözlərinə görə, 20 ildir ki, sahibkarlıqla məşğul olur. İrandan, Rusyadan ən müxtəlif növ tikinti materiallarını Azərbaycana gətirərək, satışını təşkil edib: “Birinci devalvasiyadan sonra iş tamamilə dayandı. Sonra prezident məsələyə müdaxilə etdi, monopoliyanı aradan qaldırdı. Düşündük ki, monopoliya yoxdursa, deməli, malın maya dəyəri aşağı olacaq və ölkəyə mal-material gətirib satmaq sərf edəcək. Amma belə olmadı. Monopoliya cənab prezidentin göstərişi ilə ləğv olundu. Bu, bizə böyük problem yaradır. İrandan gətirdiyimiz gipsə, kərpicə görə gömrük rəsmiləşdirməsində 1850 dollar xərc çıxırdı. Pulu verirdik monopolistə, gömrük rəsmiləşdirilməsini özü həll edirdi. Öz adamlarının adına yazdırıb rəsmiləşdirirdilər. İndi bu rəqəm 2500-dən artıqdır”.

Sahibkar qadın Meydan TV-yə Qaradağ Gömrük Postundan başlanan qanunsuzluqlardan danışıb: “Kərpic dolu TİR-i (yük maşını) Qaradağ Gömrük Postunda saxlayıb məcbur edirlər ki, Qaradağ ərazisindəki “Meyvəli” bazarının yanında olan avtoparka getsin. Orada isə maşının 1 günlük dayanacaq xərci 680 manatdır. Ora dünyanın ən bahalı dayanacağı da demək olar. Maşın orada sadəcə dayanır və 1 gün üçün 680 manat pul alırlar. TİR 1 sutkadan yarım saat artıq orada dayandısa, əlavə 40-50 manat pul alırlar. Belə olanda bizim ölkəyə gətirdiyimiz malın qiyməti də bahalaşır”.

Sahibkar qadın deyir ki, yük maşınlarının digər dayanacaqlarda günlük xərci 6-7 manatdan çox deyil: “Mənim ölkəyə gətirdiyim kərpic Sumqayıta getməlidir. Orada dayanacaq daha ucuzdur – 2-3 manat. Amma bizə yük dolu maşını Sumqayıtdakı dayanacağa aparmağa imkan vermirlər. Məcbur edirlər ki, özlərinin avtoparkına getsin. Malı ölkəyə gətirən biz, əziyyəti çəkən biz, qazanan dayanacağın sahibləri. Gətirdiyimiz hər kərpicə az qala şərikdirlər. 1 maşında 39 min ədəd kərpic olur”.

Sahibkar qadın bildirir ki, Respublika Prokurorluğunun qaynar xəttinə – 012 492 55 40 müraciət edib: “Qaynar xətdən dedilər ki, gedin verin məhkəməyə. Bizə qarşı qanunsuzluq edirlər, bunu prokuroluq araşdırmalı deyil?”

Sahibkar qadın daha sonra deyib ki, məsələ ilə bağlı Prezident Adminstrasiyasına və digər dövlət orqanlarına müraciət edib. Amma müraciətinə cavab verən olmayıb.

Dövlət Gömrük Komitəsindən məsələyə şərh vermək istəmədilər: “Şikayəti olan məhkəməyə müraciət etsin, yaxud bizə yazsın araşdıraq”.

Ana səhifəXəbərlərSahibkar monopoliyanın aradan qaldırılmasından şikayətçidir