”Cəlilabad Elektrik Şəbəkəsi tərəfindən heç bir xəbərdarlıq olunmadan elektrik enerjisinin dayandırılıb”
“Azərişıq” ASC-nin Cəlilabad rayon şöbəsinin əməkdaşları rayon sakini Mirismayıl Zeynalovu döyüblər. Bu barədə Meydan TV-yə zərərçəkənin qardaşı sahibkar Mircəfər Zeynalov məlumat verib. O, bildirib ki, “Azərişıq” ASC-nin Cəlilabad rayon şöbəsinin əməkdaşları fevralın 29-da sahibkarın çörəkbişirmə sexinə gələrək, sayğaca baxış keçiriblər:
“Onlar əsas gətirmədən sexə verilən elektrik enerjisini kəsmək istəyiblər. Qardaşım mane olmağa çalışıb. Bu zaman elektrik şəbəkəsinin işçiləri onu döyüb, verilən elektrik enerjisini dayandırıblar”.
“1200 kq xəmir yararsız vəziyyətə düşdü”
Sahibkar bununla bağlı polisə və prokurorluq orqanlarına şikayət edib. Məsələnin araşdırılacağını deyiblər:
“Ən pisi də odur ki, sexdəki sayğaca heç bir müdaxilə olunmadığı halda Cəlilabad Elektrik Şəbəkəsi tərəfindən heç bir xəbərdarlıq olunmadan elektrik enerjisinin verilməsi 01:00-da dayandırılıb. Xahişlərimizə baxmayaraq, 2 saat enerji vermədilər. Həmin gecə 1200 kq xəmir yararsız vəziyyətə düşdü. Üç gündür ki, “Cəlilabad” Elektrik Şəbəkəsinə gün ərzində 6-7 dəfə getməyimə və xahişlərimə baxmayaraq, hələ də süründürməçilik davam edir. Müəssisədə istehsal tamamilə dayanıb”.
“Əməllərini ört-basdır etmək üçün vətəndaş şərə-böhtana əl atır”
Meydan TV məsələyə münasibət öyrənmək üçün “Azərişıq” ASC-nin Cəlilabad rayon üzrə satış şöbəsinin müdiri Həbib Məmmədovla əlaqə saxlayib. O, vətəndaşa qarşı hər hansı döyülmə hadisəsinin baş vermədiyini bildirib:
“Döyülmə söhbəti olmayıb. Sadəcə həmin sexdə sayğaca müdaxilə olunduğu aşkarlanıb. Bu əməllərini ört-basdır etmək üçün vətəndaş şərə-böhtana əl atır. Orda bizim 8-9 işçimiz olub. Hamı da bilir ki, biz orda kimsəni döyməmişik. Tamamilə yalnış məlumatdır”.