Sahibə Qafarovanın Simonyanla Cenevrədəki görüşünü ləğv etdiyi bildirilir

Alen Simonyan və Sahibə Qafarova. Foto: “meclis.gov.az”

Parlament rəhbərlərinin görüşünün hansı səbəbdən ləğv edildiyi açıqlanmır

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ermənistanlı həmkarı Alen Simonyanla oktyabrın 14-də Cenevrədə nəzərdə tutulan görüşünü son anda ləğv etdiyi bildirilir.

Bu barədə “Azadlıq” radiosunun Erməni xidməti Alen Simonyanın mətbuat katibi Movses Harutunyana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Alen Simonyan Yerevana qayıtdıqdan sonra görüşün ləğv edilməsinin səbəbləri ilə bağlı əlavə açıqlama verəcək.

Qeyd olunur ki, Sahibə Qafarova və Alen Simonyanın Cenevrədə Parlamentlərarası İttifaqın keçirilən sonuncu sessiyası çərçivəsində görüşü planlaşdırılırdı.

Beynəlxalq təşkilatın sözçüsü qanunverici orqanların sədrlərinin regional sülh səylərini müzakirə edəcəklərini açıqlamışdı.

Bu ilin mart və may aylarında İsveçrədədə spikerlər iki dəfə görüşüblər.

Alen Simonyanın ofisi mart görüşünü “konstruktiv” adlandırmışdı.

Azərbaycanın Milli Məclisi Sahibə Qafqarovanın görüşdən imtina etməsi haqda məlumat yaymayıb.

Bildirilir ki, oktyabrın 14-də Alen Simonyan Cenevrədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuşla görüşüb.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətSahibə Qafarovanın Simonyanla Cenevrədəki görüşünü ləğv etdiyi bildirilir