Sahibə Qafarova: “Səfər müəllim dedi ki, fikirləri təhrif olunub”

Səfər Mehdiyev və Sahibə Qafarova, Foto: Meydan TV

“O, müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tutub”

Dekabrın 14-də Milli Məclisin payız sesiyyasının növbəti plenar iclası keçirilib.

Deputat Elşən Musayev iclasda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bir neçə gün öncə müsahibəsində deputatların ayrı-ayrı vətəndaşların adına xaricdən məhsul gətirib satması fikrinə münasibətini bildirib.

DGK sədri çıxışında bəzi deputatları gizli biznes qurmaqda ittiham edib.

Elşən Musayev bildirib ki, Gömrük Komitəsinin sədrinin son müsahibəsindən sonra deputatlara qarşı təpkilər artıb:

“Milli Məclis bütün dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Gömrük Komitəsi də bu qəbildən olan qurumlardandır. Müsahibədə sanki anlaşılmazlıq var. Məsələyə aydınlıq gətirilməlidir. Çünki deputatlar anlayışı cəm şəklindədir”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, bir gün öncə Səfər Mehdiyev onunla telefonla danışaraq, məsələyə aydınlıq gətirib:

“Bugünlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib. Səfər müəllim dünən mənə telefon açıb təəssüf hissi ilə qeyd etdi ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb, təhrif edilib. O, müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tutub”.

Ana səhifəSiyasətSahibə Qafarova: “Səfər müəllim dedi ki, fikirləri təhrif olunub”