“İctimai Komitə üzvlərinin istintaq təcridxanalarına baş çəkmək hüququ yoxdur”
Hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə Qrupun üzvü Sahib Məmmədov hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın məktubuna cavab verib. Meydan TV-yə cavab məktubu göndərən Sahib Məmmədov deyir:
“Əlbəttə, o, (Xədicə İsmayıl nəzərdə tutulur – red.) həbs olunandan sonra mən onun zərərinə ola biləcək bir kəlmə də yazmamışam və deməmişəm. Belə də olacaq. Sadəcə aydınlıq gətirmək istəyirəm.
1. İctimai Komitənin əsasnaməsinə görə, İK üzvlərinin İstintaq Təcridxanalarına baş çəkmək hüququ yoxdur. Ona görə də mən heç zaman bunu əksini deməmişəm. İstintaq altında olanlarla biz yalnız məhkəmənin və ya istintaq orqanının icazəsi olsa görüşə bilərik.
2. Xədicə xanım həbs edilməzdən bir müddət əvvəl radioda deyil, efirdən sonra belə bir polemikamız olmuşdu. O deyirdi ki, İstintaq təcridxanasında işgəncə verilir. O dedi ki, məni də həbs edəcəklər, ona görə istəmirəm ki, gələcəkdə mənimlə də belə davranış olsun. Mən də zarafatla ona dedim ki, səni həbs etsələr və sonra İstintaq təcridxanasında işgəncə versələr, mən bununla bağlı əlimdən gələni edəcəm. Əlbəttə, mən bilmirdim ki, o, həbs olunacaq. Amma indi sözümün üstündə dururam. Əgər ona qarşı işgəncə və pis rəftar halı varsa, mən hazır məsələ ilə bağlı istənilən hərəkətə, bəyanat, məhkəmə və s hazıram.
3. Bir məsələ də olmuşdu. Kürdəxanıda otaqlardan qapı var, balkon kimi bir yerə çıxış. Üstü “setka”lanıb, amma orda təmiz hava alıb gəzişmək olur. Mən elə bilirdim ki, orda sutka ərzində qapını açıb gəzmək olur. Əslində saat 17:00-a qədər imiş. Xədicə xanım isə deyirdi ki, ümumiyyətlə, açar nəzarətçilərdə olur. Onlar nə vaxt açsa, onda çıxmaq olar. Bu məsələdə məndə və onda olan hər iki məlumat səhv imiş.
Allah qapısını açsın. Mən CÇM haqqında nə demişəmsə, hamısı doğrudur. Pozuntulardan da danışmışam, müsbət olan nə varsa, onu da demişəm. Ümid edirəm arxivlər durur”.
Xədicə İsmayıl həbsxanadan yazdığı məktubunda deyirdi: “mən Kürdəxanıya düşəndən bəri həbsxanalara nəzarət qrupu heç buralarda görsənməyib. Monitorinq etmirlər bəs? Sahib Məmmədovun Azadlıq Radiosunun efirindən söylədiyi həbsxanalardakı vəziyyət barədə bütün yalanları üzünə çırpmağa səbirsizlənirəm”.