“Onun son vaxtlar psixoloji durumu yaxşı vəziyyətdə deyil”
Vətəndaş cəmiyyətinin nümayəndələri İradə Cavadova və Sahib Məmmədov arasında qarşılıqlı ittihamlar başlayıb.
Bu barədə məlumat yayan “Gündəlik Teleqraf” qəzeti “İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadovanın yanvarın 19-da “Binə” Ticarət Mərkəzində baş verən iğtişaşla bağlı yaydığı bəyanat həmkarı Sahib Məmmədovun narazılığına səbəb olduğunu bildirib.
Sahib Məmmədov Facebook səhifəsində onu hökumətə işləməkdə suçlayan bəzi həmkarlarının son bir ayda iqtidarı təriflədiyi və sosial-iqtisadi sahədə inkişafın olduğunu etiraf etdiyini vurğulayıb.
İradə Cavadova isə qəzetə bildirib ki, Sahib Məmmədov hüquq müdafiəçilərindən heç kəsi bəyənmir və zənn edir ki, hamıdan yaxşı işləyir: “Hiss olunur ki, onun müəyyən problemləri yaranıb. Onun hamıya qarşı neqativ hiss və fikirləri var. Biz, bir qrup vətəndaş cəmiyyəti nümayəndələri USAID-lə bağlı bəyanat verdik, hökumətin aldığı layihəyə etiraz etdik. O zaman da Sahib Məmmədov bu addımımıza əsəbi tonda reaksiya verdi. Hətta vətəndaş cəmiyyətinin forumunun Stokholmda keçirdiyi toplantıda mənə təzyiq və təsir etdi, toplantıda çıxış edən Sahib Məmmədov nədənsə mənim qızımın adını çəkib. Açığını deyim ki, bütün bunların səbəbi mənə bəlli deyil”.
İ. Cavadova həmkarını ittiham etməkdən də çəkinməyib: “Sahib Məmmədovun özü ora-bura satılıb. Və indi elə bilir ki, hamı satılır və onun kimi işləyir”.
Cavadova deyib ki, yanvarın 19-da “Binə” Ticarət Mərkəzində baş verən iğtişaşı pisləyib, hökuməti məsələni araşdırmağa və qiymət verməyə çağırırıb.
“Ümumiyyətlə, biz tez-tez belə bəyanatlar yayırıq, amma Sahib Məmmədov bu illərdə bir dəfə də olsun bəyanat verməyib. Düzü, onun son vaxtlar psixoloji durumu yaxşı vəziyyətdə deyil. Biz bilmirik, bu adam müstəqil vətəndaş cəmiyyəti təşkilatlarından nə istəyir. Bəlkə istəyir ki, hamı onun kimi işləsin. Mən onun mövqeyini başqa cür anlamıram” – deyə o, bildirib.