Sahə müvəkkili ticarət obyektlərinə ”hesab” qoyub

Radil Əsədov: “Sumqayıtda yaşayırsınızsa, görüşüb tanış ola bilərik…”

Source:

Radil Əsədov: “Sumqayıtda yaşayırsınızsa, görüşüb tanış ola bilərik…”

Sumqayıt şəhərinin 6-cı mikrorayonuna yeni sahə müvəkkili təyin olunub. İlk baxışdan adi xəbərdir. Ancaq yeni sahə müvəkkili Radil Əsədov ilk iş günündə mikrorayonda yerləşən ticarət obyektlərini “nəzarət”dən keçirib. O mənada nəzarətdən keçirib ki, hər bir sahibkara aylıq “hesab” təyin edib.

6-cı mikrorayon Sumqayıtda ən çox ticarət obyekti fəaliyyət göstərən ərazi sayılır, səbəb mikrorayonun dəniz kənarında yerləşməsidir. Mikrorayonda 3 iri supermarket, 3-4 meyvə-tərəvəz satış mərkəzi, bir o qədər aptek, stomoloji klinika, ayaqqabı təmiri və restoran, çayxanalar yerləşir.

Meydan TV-ni məlumatlandıran adının çəkilməsini istəməyən sahibkar bildirdi ki, yeni sahə müvəkkili Radil Əsədov hər ayın müəyyən vaxtında ona “hesab” çatdırılmasını onlardan tələb edib. Əks təqdirdə, obyektlərini bağlamalı olacaqlar. Sahibkar sahə müvəkkilinin hər bir obyektə fərqli “hesab” qoyduğunu desə də, hələ də düşündüklərini əlavə etdi.

Deyilənlərlə əlaqədar sahə müvəkkili Radil Əsdovla əlaqə saxladıq. Onunla telefon söhbətini diqqətinizə çatdırırıq.

Rəsad müəllim, əvvəla, sizi sahə müvəkkili təyin olunmanız münasibəti ilə təbrik edirik…

Çox sağ olun, minnətdaram.

Aldığımız məlumatlara görə, təyinatınızdan sonra ticarət obyaktlərinə “hesab” qoyub sahibkarlardan ayda filan qədər vermələrini tələb etmisiniz. Bu, nə dərəcədə düzgündür?

Yox, o söhbət deyil, sizinlə görüşməyə hazıram, görüşə bilərəm.

Bizim ofisimiz Bakıda yerləşir, istəyirsinizsə, gəlib müsahibə verin…

Yox, Bakıya gələ bilmərəm. Mən Sumqayıtda oluram, siz də Sumqayıtda yaşayırsınızsa, görüşüb tanış ola bilərik.

Aydın məsələdir, tanış ola bilərik, niyə olmuruq ki. Bəs deyilənlərin əsası varmı?

Yox, əsassızdır. Tanış olub söhbət edərdik.

Telefonla suallarımıza cavab verə bilərsinizmi, bu barədə deyilənlər nə dərəcədə doğrudur? Ticarət obyektlərinə 20, 30 manat “hesab” qoymusunuz…

Yox, düzgün deyil. Tanış olub, ətraflı söhbət edərdik.

Telefonda suallarımıza cavab verə bilməzsinizmi?

Yox, telefon söhbəti rəsmi deyil.

Niyə rəsmi deyil ki? Siz danışırsınız, biz də yazırıq…

Yox, nəticə olmur. Söhbət edərdik, qarşı-qarşıya nə sualın var…

Suallar elə yuxarıda səsləndirdiklərimdir, sizdən şikayətlər var…

Mən sizi tanımıram, qabaq-qabağa söhbət edək, nə sualın varsa, deyərsən.

Siz Meydan TV-yə müsahibə verərsinizmi?

Mənim nazirliyim var, özbaşına deyiləm ki, sual-cavab edəm. Dünənki işçi deyiləm, qayda-qanunu az-çox bilirik.

Başa düşürük, KİV haqqında qanun da var.

Çox şey deyirlər, hər şeyə inanmaq olmaz.

Bizim kanala müsahibə verərsinizmi?

Söhbət edək, problem yoxdur.

(embedded content removed)

Ana səhifəXəbərlərSahə müvəkkili ticarət obyektlərinə ”hesab” qoyub