Asiya İnkişaf Bankı və “Cənub Qaz Dəhlizi” QSC arasında müqavilə imzalandı
Mayın 7-də “Cənub Qaz Dəhlizi” QSC və Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 mln. dollar məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanıb.
Bu barədə məlumatı “APA-Economics” Maliyyə Nazirliyinə istinadən yayıb.
Məlumatda bildirilir ki, Asiya İnkişaf Bankının 50 illik yubileyinə təsadüf edən və “Asiyanın rifah və tərəqqisini birlikdə quraq” devizi altında 4-7 may tarixlərində Yaponiyanın Yokohama şəhərində keçirilən ADB-nin Rəhbərlər Şurasının İllik Toplantısı öz işini başa vurub.
Toplantıda maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İllik toplantı çərçivəsində Yaponiyanın maliyyə naziri Taro Aso, ADB-nin prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vencay Jang, Divakar Qupta qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və Azərbaycanda həyata keçirilən bir sıra layihələrə, o cümlədən yol-nəqliyyat, su təchizatı, irriqasiya, elektrik enerjisinin paylanması sahəsində layihələrə bankın verdiyi dəstəyi yüksək qiymətləndiriblər.
ADB-nin prezidenti Azərbaycanın bankın dəyərli tərəfdaşı və vacib üzvü olduğunu, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
İllik Toplantı çərçivəsində Zəmanət sazişi imzalanıb.