“Şahbaz və Nino” məsələsi haqqında

Kitab satanla kartofsatan…

Source:

İlk başda onu deyim ki, hər biri ayrıca bir kommersiya quruluşu olan “Qanun” nəşriyyatı və “Əli və Nino” kitab evləri şəbəkəsi yazarların kitablarını çap etməkdə və ya satmaqda tamamən sərbəstdirlər. Hansı ölkədə yaşadığımızı bilirik, kiçik şirkətlərin ayaqda durmasının hansı çətinliklərə başa gəldiyini təsəvvür edə bilərik. Yazardan fərqli olaraq kitab satan insan yaradıcılıq mətbəxini daha aydın görür, onlarla deyil, yüzlərlə gənc və yaşlı yazar durmadan şeir, hekayə, roman yazır və onların üz tutduğu ilk ünvan “Əli və Nino” dükanlarıdır. Vergiylə, kirayə və maaşlarla əlbəyaxa olan dükan sahibi bir yerdə stop düyməsini basa bilər və bu təsadüfən Qan Turalının kitabının çıxdığı vaxta düşə bilər.

Və ya vergi məmurunun əli nəşriyyatın boğazında olduğu bir anda Şahbazın telefonu zəng çalar, zəng edən də kim olsa yaxşıdır, Murad Köhnəqala, nə istəyir, özünün yazdığı kitablardan 5 ədəd. Həm yazar, həm naşir, həm satış şəbəkəsi üçün acınacaqlı haldır. Baykot çağırışlarını eşidən oxucunun halı lap kəllə-müəlləqdir. Güneylilər demişkən, bu qədər haybıdırğdan sonra, heç görün bir dövlət mənuru, bir millət vəkili, bir Mədəniyyət və Turizm nazirinin şöbə müdürü, nəşriyyat, yayım-basım işlərindən sorumlu olan bir kimsə səsini çıxardımı? Kitab (yazar-naşir-kitabsatan-oxucu) məsələsi bizim ölkədə tənzimlənməyib. Kitab satanla kartof satana Vergilər Nazirliyinin münasibəti eynidir. Buna görə də, nəticə olaraq kitab satan, hər nə qədər humanist niyyətlərlə yola çıxsa da, axırda simasını itirir, kitab onun üçün mümkün qədər tez satılıb pula çevriləcək bir nəsnədir, dolayısıyla, kartofdan fərqli deyil.

Bir dəfə, 28-dəki kitab dükanı sahiblərindən birinə elə belə də demişəm, “yaxşısı budur, get kartof sat”, adam Bertran Rasselin kitabını əlində o tərəf bu tərəfə çevirir, satılacaq-satılmayacaq deyə tərəddüd edirdi.

İndi gələlim Nigar xanıma. Madəm belə ticari qabiliyyətin vardı, nəyə görə tekstil, bijüteriya, qalanteriya, parfümeriya dükanları açmırdın? Daha çox satar, daha çox kar edərdin. Və ya, ay Şahbaz Xuduoğlu, madəm ədəbiyyatımızın canlı klassiki Murad Köhnəqalaya 5 kitab verə bilməyəcəkdin, niyə gedib ayaqqabı sexi açmırdın və s.

Şahbaza və Nigara kimsə bir söz deyə bilməz və deməməlidir. Hüquqi cəhətdən onlar haqlıdır, bu aydın məsələdir. Pul çox önəmlidir. Həm də son dönəmlərdə lap önəmlidir. Bizim, biz yazıçıların, hər biri bir ziyalı olan bu adamlardanbir umacağımız var: onları həyatda puldan daha dəyrli olan şeylər olduğunu bilən insanlar kimi görmək istəyirik. Bu qədər qınaqlara cavabnamələr yazmaqdansa bir az anlayış göstərmələrini, yalandan da olsa səhv etdiklərini, mövcud durumun onları qəddarlaşdırdığını etiraf etmələrini gözləyirik. Şahbaz və Nino birləşərək kitab bazarında inhisar yaratmaq istədikləri göz qabağındadır. Hətta bütün yerli yazarlarla düşmən olmaq dərəcəsində buna iddialıdırlar. Açıq-açığına heç kəsi hərləmədiklərini ifadə edirlər. Amma və lakin…

Bir az uzaqdan başlamaq istəyirəm. Səməd Vurğun demişkən: qara qullar dünyasının intiqamı yaman olur. Penoplast yanğını zamanında ibrətamiz bir hadisə oldu. Rayondan gəlmiş qarabala bir cocuq, kimin kim olduğunu düşünmədən canını oda atdı və neçə adamı xilas etdi. Yanlış bir şey söyləsəm, məni bağışlayın. Bəlkə də xilas etdiyi adamlardan kimsə daha öncə ona rast gəlsəydi, bir az uzaqdan dolanar, bu gəncin onlarla eyni havadan nəfəs almasını da ona çox görərdilər. Bəlkə, imkanı olsa o gənc, heç bir təmənna güdmədən ən “elitar” insanı da, məsələn Çingiz Abdullayevi, Anarı, Elçini də xilas edərdi. O adamları ki, rayondan gəlmiş gənc yazarları “lümpen”, “denşik” adlandırmışdı. Baxmayaraq ki, bu adamların hər biri bir və ya iki nəsil öncə kəndli ailəsindən çıxıb şəhərə yerləşiblər, təbir caizsə, “ikinci əl bakılıdırlar”…

Bax, Şahbazın kitablarını çap etmədiyi və Nigarın kitablarını satmadığı bizim ryonlardan gəlmiş gənc yazarlarımız, elə həmin o gənc kimi, Şahbazın başı vergilərlə dərddə olanda, Nigarın biznesi təkərə düşəndə, bir ehtimal, öz etiraz səslərini qaldıracaqlar, onlraın yanğın harayına ilk qoşanlar olacaqlar. Necə ki, əvəlılər də bunu ediblər.

Yenə də təkrar edirəm, Şahbaz və Nigar hüquqi və ticari baxımdan tam haqlıdırlar. Həyat onlara bir az daha müdrik olmağı öyrədəcək. Ən azından hər şeyin fərdi çıxarlarla ölçülmədiyini. Hələlik, gənc olmaları onları bəsirətli davranmağa qoymur.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Meydan TV mətndə adları keçən şəxslərin fikrini dərc etməyə hazırdır.

Ana səhifəMənim Fikrimcə“Şahbaz və Nino” məsələsi haqqında