Bakı şəhəri 247 nömrəli tam orta məktəbində müəllimin şagirdə xəsarət yetirməsi ilə bağlı şikayət araşdırılıb.
Şikayət təsdiqini tapıb.
Bu barədə APA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Xəbərdə deyilir ki, Bakı şəhəri 247 nömrəli məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.
Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi də ləğv olunub.
Bu qərara məktəb direktoru və riyaziyyat müəllimin münasibəti, hələlik, bəlli deyil.
Prezident İlham Əliyev yeni tədris ilindən öncə, sentyabrın 7-də sözügedən məktəbdə olmuşdu.