Hərbçi qızının ölümündə həkimləri günahlandırır
“Çaynik aşdı, qızımın ayağı yandı. Həkimə apardım. Dedilər, hər şey
qaydasındadır, sağalacaq. Sağ-salamat girdiyi xəstəxanadan qızımın cəsədi çıxdı”.
Beyləqan sakini, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri Məmmədiyə Cabbarzadə belə deyir.
Hadisə fevralın 24-də baş verib. Ata övladının ölümündə həkimləri qınayır:
“3-cü dərəcəli yanıq xəsarəti aldı. Onu Bakıya, 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsinə apardıq. Həkimlər Elnur Mirzəyev və Ülviyyə Zeynalova qızımın ayağına baxdılar. Narahat olmağa əsas olmadığını dedilər. Müalicəsini üzərlərinə götürdülər. Qızım 14 gün xəstəxananın reanimasiya şöbəsində yatdı. Həkimlərin səhv və əks müalicəsi nəticəsində martın 10-da vəfat etdi”.
Məmmədiyə Cabbarzadə sual edir ki, əgər qızının durumu əvvəl gündən ağır idisə, niyə həkimlər ona bunu deməyiblər:
“Mənə narahat olmağa əsas olmadığını, qızımın sağalacağını söylədilər. Bilirəm, müalicəni düzgün aparmayıblar. Odur ki, yalnış müalicə etdikləri və həkim peşəkarlıqları olmadığına görə hər iki həkimin – Elnur Mirzəyev və Ülviyyə Zeynalovanın cəzalandırılmasını istəyirəm”.
Ata bildirir ki, işlə bağlı may ayında Bakı şəhəri Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb:
“Ancaq işə baxan yoxdur. Bu dövlətə qulluq edən bir hərbçi kimi xahiş edirəm, mənə kömək edin, balamın işini düzgün araşdırın”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün 5 saylı Şəhər Kliniki Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan əvvəlcə həkim Elnur Mirzəyevin orada olduğu deyilib: “Bir dəfə də zəng edin, telefonu açacaq”.
Ancaq Elnur Mirzəyevlə əlaqə saxlamaq mümkün olmayıb. Sonda isə ümumi şöbədən telefona cavab verən növbətçi kobud tərzdə “zənglərinizlə zəhləmi tökdüz, Elnur Mirzəyev işdə deyil, Ülviyyə Zeynalova da olmayacaq” – cavabını verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayət Əhmədova isə deyir ki, yalnız istintaq yekunlaşdıqdan sonra bu barədə açıqlama vermək mümkündür: “Hazırda məsələ ilə bağlı istintaq gedirsə, həmin həkimlər bu barədə açıqlama verə bilməzlər. İstintaqın nəticəsindən sonra ictimaiyyətə məlumat veriləcək”.