Sona Vəliyeva

Mənbə: Foto: Meydan tv

Başlıq: Sona Vəliyeva

“Sadəcə Sona Vəliyeva nə yazıbsa, auditor da köçürüb”

Ana: “Cənab prezidentdən, Mehriban xanımdan xahiş edirik ki, işə düzgün baxılsın”

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın təsisçisi olduğu “Kaspi” liseyinin həbsdəki mühasibi Tural Məmmədovun anası Afət Məmmədova Meydan TV-yə müsahibə verib.

Afət Məmmədova deyir ki, oğlu okyabrın 2-dən aclıq aksiyası keçirir.

- Oğlum məhkəmənin qanundan kənar aparılmasına etiraz edir. Ona qarşı cinayət işi sifariş əsasında aparılıb. İndi isə məhkəmə həmin sifarişilə davam edir. Vəkillər məhkəmədə vəsatətlər verir, həqiqəti üzə çıxarmağa çalışırlar. Hakim Azər Paşayev isə heç bir vəsatəti təmin eləmir. Bu cür şəraitdə sifarişin yerinə yertirilməsi göz önünüdədir. Oğlum və heç bir günahı olmayan Fərahim Möhbalıyev buna görə də aclığa başlayıblar. “Qızıl Xaç” Cəmiyytinə müraciət etdim. Mənə bildirdilər ki, həkimlərinə deyəcəklər, oğlumu da, Fərahimi də nəzarətdə saxlasınlar.

- İstintaqın sifarişlə aparıldığını deyirsiz. Kimin sifarişi ilə aparılıb istintaq?

- Bu gün hakimə təzyiq edənlər, əvvəl də istintaqa təzyiq edib sifariş verənlərdir. Ona görə də işə düzgün yanaşılmır. Xahişimiz ondan ibarətdir ki, işə düzgün baxılsın.

- Fərahim Möhbalıyevin günahsız olduğunu dediniz. Bəs oğlunuzun günahı var?

- Oğlum ilk gündən deyib oradan pul götürüb. Bir kağız yazdırıblar ki, 350 min götürüb. Amma üzərinə 220 min də yükləyir. Oğlum da deyir ki, boynuma alıram ki, pulu götürmüşəm. Ancaq bunlar 220 mini onun üzərində yıxırlar. Oğlum “banditizm”də (Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi - red) yatanda 20 min pul ödəndi. Sonra işi verdilər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə. Orada Elnur adlı müstəntiq dedi ki, pul ödənsin, 180 min ödəndi. Dedi ki, pul ödənsə, açıb buraxacağıq. Amma buraxmadılar.

- Səbəb nə göstərdilər?

- Açıq demirlər. Amma başa düşürük ki, Sona Vəliyevadan çəkinirlər. Ona görə də uşağın işinə düzgün baxılmır. Hakim Azər Paşayev işə düzgün yanaşmır. Mənim uşağım ölüm aclığına başlayıb. Uşağım niyə ölüm aclığına başlamalıdır? Oğlumun köməkçisi Fərahim Mehbalıyevin heç bir günahı yoxdur. Sadəcə orada qrup şəkilində cinayət olub görüntüsü yaratmaq üçün Fərahimi də tutublar. Sonra da məbləği yarım milyondan artıq ediblər ki, uşaqlara 179-cu maddənin ağır bəndini versinlər. Əgər mənimsənilən məbləğ yarım milyondan aşağı olsaydı, 179-cu maddənin 4-cü bəndini verə bilməyəcəkdilər.

İşə qrup şəklində cinayət adı vermək üçün belə ediblər. Fərahim Mehbalıyev günahsızdır. Onu da buraxmırlar. Cənab prezidentdən, Mehriban xanımdan xahiş edirik ki, işə düzgün baxılsın. Oğlumu buraxsınlar, o da işləyib pulu qaytarsın. Oğlumun 2 uşağı var. Evi nə ilə dolansın? Uşaqlara kim baxsın? Bu işi qarışdıran Elnur Əliyevdir. O, “Kaspi” liseyinin baş direktorudur. Elnur Əliyev məhkəməyə şahid qismində gəldi, orada Turalla höcətləşdi. Turala deyib ki, get hara istəyirsən şikayət elə, səni həbsdən çıxmağa qoymayacağıq. Elnur Əliyev məhkəmədir?

- Tural pulu niyə götürüb?

- Pulu götürüb iş qurub. Düşünüb ki, sonra qaytarıb yerinə qoyacaq. Məsələnin üstü açılanda Sona xanım onu yanına çağırıb, soruşub ki, pul götürmüsən. Oğlum deyib ki, 350 min pul götürüb, həmin pulu da qaytarıb yerinə qoyacaq. Sona xanım da deyib ki, 565 minə qol çək, səninlə işimiz olmayacaq. Yarım saat sonra isə “banditizm”dən gəlib Turalı aparıblar. Sonradan məhkəmədə Elnur Əliyev ortaya çıxdı, dedi ki, “banditizm”ə o zəng eləyib. Sona Vəliyeva olan yerdə o kimdir ki?

- Sona Vəliyeva ilə tanışlığınız, qohumluğunuz var?

- Qohum deyilik, onun bizim ailəyə münasibəti çox yaxşı olub. Gəlinim onun köməkçisi olub. Bu hadisələrdən sonra gəlinimi də işdən çıxarıblar. Oğlumu həbs etdirəndən sonra isə bir audit təşkil ediblər. Auditi keçirən də deyib ki, Tural Məmmədov iştirak etməlidir. Ona deyiblər ki, işini gör, sən dediyimizi yaz. Təsəvvür edin ki, audit sənədlərində auiti aparan yazıb ki, gördüyü işə cavabdehlik daşımır. Belə audit olmur axı. Tapşırıqla audit yoxlama qanuni ola bilər? Ona görə də auditor götürüb elə belə də yazıb ki, audit sənədləri dövlət oranlarına verilsə, cavabdeh deyil. Bunlar da həmin auditin kağızlarını alıblar əllərinə, nə istəyirlər yazıb pozurlar. Bəyan edirəm ki, mənim oğluma bir şey olsa, bu işə hakim Azər Paşayev və bu işə təzyiq edənlər məsuliyyət daşıyırlar.

Afət Məmmədova

Afət Məmmədova

Mənbə: Foto: Meydan tv

- İşə təzyiq edənlər kimdir?

- İş korrupsiyada olanda 3 dəfə Sona xanımın qəbuluna getdim. Hər dəfə köməkçisi dedi ki, Sona xanım xəstədir, işə çıxmır.

- Nə deyəcəkdiz?

- Ondan xahiş edəcəkdim ki, oğluma işləməyə şərait yaratsın, pulu ödəsin. O da köməkçisi vasitəsi ilə deyirdi ki, pulu ödəsin, buraxdıracağam. Nəyimiz var, vermişik. İndi isə pulu ödəməyə imkanımız yoxdur. Qanunsuz olaraq oğlumdan 4 maşını alıblar. Baha qyməti olan maşını ucuz qiymətə rəsmiləşdiriblər. Maşınlardan biri Fərahimin idi. Oğlum 1 maşını alıb satıb. Onu da tutub sahibindən alıblar. Oğlum pulu götürüb “Tatlı dünyası” şirniyyat evi açıb. Məsələnin üstü açılanda oğlum Sona xanıma deyib ki, şirniyyat evini götür. Amma Sona xanım razılaşmayıb. Oğlum tutulandan sonra isə “Tatlı dünyası” zəbt olunub. “Gənclik” metrosunun yanında olan şirniyyat evinə 90 min 600 manat pul qoyulub. Oranın invertarı var, qiymətləndiriblər, amma pulunu da vermirlər. Aldıqları 200 minə də əlavə etmirlər. Oğlumun 45 minlik maşınını 10 min hesablayıblar. Qanunla oğlumu tutmuşdularsa, əmlakını müsadirə edə bilməzdilər. Bunlar isə nə gözlərinə dəyibsə, aldılar. Oğlum və Fərahim 1 həftədir ki, aclıq edirlər.

Cənab prezidentdən, Mehriban xanımdan xahiş edirim ki, işə düzgün baxılsın. Auditor, Sona Vəliyeva məhkəməyə gəlsinlər. Məhkəmə qarşısında hamı bərabərdirsə, hakim vəsatəti təmin edib Sona xanımı da, auditoru da çağırsın. Vəkil vəsatət verir, hakim isə qəbul eləmir. Oğluma küllü miqdarda mənimsəmə ittihamı veriblər. Əslində isə məbləği qəsdən şişirtməklə - yəni 350 min manatdan 565 min manata qaldırmaqla bu ittihamı veriblər. Auditora da deyiblər ki, sən yaz ki, Turala Sona Vəliyeva 100 min manat pul verib ki, vergiyə köçürsün, lakin köçürməyib. Bu yalandır. “Kaspi” heç vaxt vergi ödəməyib! Ödənməyən verginin pulunu oğluma necə verə bilərdilər? Verginin pulunu özləri yeyiblər. Məbləği də 500 mindən yuxarı yazmaq üçün bu cür yalanlar uydurublar. Qanuna görə külli miqdar 500 min manatdan yuxarı məbləğlər hesab edilir. Bu adamlar da külli miqdarı bu şəkildə yaradıblar. Oğlum 200 mini ödəyib, qalanını da buraxsınlar, gedib işləyib pullarını qaytarsın. İşin içində 22 oktyabr 2018-ci il tarixli Sona Vəliyevanın ərizəsi var. Yazır ki, Tural Məmmədova 411 min 9 manat verib və ondan 894 min 894 manat təhvil alıb. Həmin ərizə yazılanda oğlum 6 gün idi ki, həbsdə idi. Onu Sona Vəliyevanın göstərişi ilə “banditizm”də saxlayırdılar. İşin içində auditorun tərtib etdiyi bir sənəd var, orada da təsisçiyə, yəni Sona Vəliyevaya 894 min 894 manat ödənildiyi yazılıb. İşin içində isə 411 min manatın “Kaspi”yə ödənməsi haqda məlumat yoxdur. Pulu özləri götürüblər, oğlumun üzərinə yükləyiblər. Müstəqil audit aparılsa, məlum olacaq ki, orada oğlumun boynuna aldığı məbləğin böyük hissəsi də qaytarılıb. Sadəcə Sona Vəliyeva nə yazıbsa, auditor da köçürüb. Özlərinin tərtib etdiyi auditor sənədində yazıblar ki, 2018-ci ilin aprel, may, iyun, iyul aylarında məxaric olmayıb. Axı bu, necə ola bilər? Müəllimlərə pul ödəməyiblər? Bu qədər yalan olar? Bunu belə etməkdə məqsədləri budur ki, guya Tural pulu alıb və müəllimlərə ödəməyib. Bu isə mümkün deyil. Müəllimlərə 1 ay pul ödənməsəydi, onlar etiraz edərdilər. O ki qala 4 ay ödəməsinlər. Belə yalanlarla oğlumu həbsdə saxlayırlar. Əgər oğlumun işinə düzgün baxılmasa, işə Avropa Məhkəməsinə qədər gedəcəyik.

Sona Vəliyevanın əlyazması

Sona Vəliyevanın əlyazması

Mənbə: Foto: Meydan tv

Xatırlatma:

İttihama görə 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır.

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədovun sözlərinə görə, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib. Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

Maliyyə sənədi

Maliyyə sənədi

Mənbə: Foto: Meydan tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/frbr6r

Ən çox baxılan