”Saday Şəkərli Vergilər Nazirliyinin əməkdaşı ilə telefonla danışmayıb”

Prosesdə ”Azercell”in sorğuya cavabı elan olunub

Source:


Prosesdə ”Azercell”in sorğuya cavabı elan olunub

Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxuyla pul tələb etməkdə təqsirləndirilən şair Saday Şəkərovun (Şəkərli) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq olunub. İclasda “Azercell”ə ötən proses zamanı göndərilən sorğunun cavabı elan edilib. Məktubda qeyd olunub ki, Saday Şəkərlinin Vergilər Nazirliyinin keçmiş əməkdaşı Asif Cahangirovla telefon danışığı olmayıb.

Məhkəmə prosesi mayın 5-də davam edəcək.

Ötən il, dekabrın 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlər”Saday Şəkərli Vergilər Nazirliyinin əməkdaşı ilə telefonla danışmayıb”