Vəkil: “Ümid edirəm ki, Penitensiar Xidmət bu məsələyə qısa bir zamanda aydınlıq gətirəcək”
Şair Saday Şəkərli haqqında çıxarılmış hökm qanuni qüvvəyə minməsə də, o, Bakı İstintaq Təcridxanasından 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Ona verilmiş hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.
Bu barədə məlumat vəkil Fəxrəddin Mehdiyevin Facebook səhifəsində yazılıb. Vəkilin sözlərinə görə, Cinayət-Prosessual Məcəllənin 358.2-ci maddəsinə uyğun olaraq, məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarından apellyasiya qaydasında protest və ya şikayət verilməyibsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin (20 gün) başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
AR Cəzaların İcrası Məcəlləsinin 67.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişi alındığı vaxtdan on gündən gec olmayaraq cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər. Məhkum bu müddət ərzində yaxın qohumları ilə bir qısamüddətli görüş hüququna malikdir.
“Göründüyü kimi, Saday Şəkərli barəsində Məhkəmənin hökmü qanuni qüvvəyə minməmiş onun Cəzaçəkmə Müəssisəsinə köçürülməsi tamamilə qanunsuzdur. Ümid edirəm ki, Penitensiar Xidmət bu məsələyə qısa bir zamanda aydınlıq gətirəcək və Saday Şəkərliyə münasibətdə yol verilmiş bu qanun pozuntusu tezliklə aradan qaldırılacaq” – vəkil qeyd edib.
Saday Şəkərli AR Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirlədirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.05.2016-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Saday Şəkərli hesab edir ki, onun həbsi yazdığı “Qurd ürəyi” hekayəsi ilə bağlıdır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Meydan TV-nin məsələ ilə bağlı sualını cavablandırmaq istəməyiblər.