Təsərrüfat sahibi xəstələnmiş 3 qoyunu kəsib və ailə üzvlərinin iştirakı ilə qonaqlıq edib
Şabran rayonunun Qorğan kəndində təsərrüfatların birində heyvanlarda quduzluq xəstəliyi aşkarlanıb. Həmin heyvanların ətindən yeyən bir ailənin 20-yə yaxın üzvü quduzluq ehtimalı ilə nəzarətə götürülüb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə ciddi nəzarətə götürülüb.
Hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Məlumata görə, kənddəki təsərrüfatlardan birində çaqqallar qoyunlara hücum edib. Təsərrüfat sahibi xəstələnmiş 3 qoyunu kəsib və ailə üzvlərinin iştirak etdiyi qonaqlıqda həmin ətdən bişirilmiş yemək verilib. Sonradan təsərrüfatdakı daha bir neçə qoyun tələf olub.
Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib.
TƏBİB-dən isə bildirilib ki, 16.05.2023-cü il tarixində Şabran rayonunun Qorğan kəndinin 4-ü uşaq olmaqla 9 nəfər (4-ü qadın, 5-i kişi olmaqla) sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar.