“Başqalarına baxıb halımıza şükür edirik”
“Koronavirus səbəbindən alverimiz ölüb. Gün ərzində 3-4 manatlıq alver edəndə sevinirik. Rayon camaatında nə pul var ki? Əksəriyyət gündəlik çörəyini güclə alır”,-bunu Şabran bazarında alver edən Anar Məmmədov deyib.
COVİD -19 infeksiyası yayılandan sonra Şabranda bir çoxu gündəlik muzdla çalışdıqları iş yerlərini itirib. Rayondakı bazarda da satıcılar narazıdırlar. Bazar günortaya qədər işləyir. Aylardır bazardakı geyim, ayaqqabı satılan şöbələr bağlanmışdı, yalnız meyvə-tərəvəz satılırdı. Satıcılar alverin zəifləməsindən şikayətlənirlər.
Onların sözlərinə görə, uzun müddət “Sədərək” və “Binə” ticarət mərkəzlərinin, o cümlədən paytaxta giriş-çıxışın bağlı olması vəziyyəti çətinləşdirib: “Təzə mal gətirə bilmirik, yollar, topdansatış yerləri bağlıdır. Əlimizdə olan-qalan malları da satıb qurtarmışıq, piştaxtalarımız boşalıb. Bir qəpik qazancımız yoxdur, boş yerə icarə pulu verməkdənsə, mağazanı bağlayıram”,- adını söyləmək istəməyən satıcılardan biri bildirib.
Bazardakı meyvə-tərəvəz köşklərinin əksəriyyəti boşaldılıb. Satıcılar müştəri qıtlığından əziyyət çəkdiklərini bildirirlər.
“Günorta saatlarında demək olar ki, bazara alıcı gəlmir. Səhər saat 11-dək nə alver etdik, qənimət bilirik. Bakı ilə yolların bağlanması hərtərəfli təsir etdi. Dərdimizi kimə deyək, bilmirik”,-Anar deyib.
Şabran sakinləri bir yandan pandemiyanın gətirdiyi yoxsulluq, digər tərəfdən də qıtlıqdan əziyyət çəkirlər. Onlar aylardır geyim və digər zəruri malları ala bilmədiklərini bildirirlər.
Rayon sakini Əminə Ağayeva deyir ki, uşaqlarına uyğun geyim tapa bilmir:
“Oğlumun 13 yaşı var, mən nə bu bazardan, nə də yaxınlıqdakı yeganə univermaqdan ona geyim tapa bildim. Məcburən atasının şalvarını dərziyə verib uşağın ölçüsünə uyğunlaşdırdım. Ötənilki balaca gələn geyimlərini isə qonşulara paylamışam. Çünki hamıda vəziyyət bizdəki kimidir”.
Rayon sakini, 47 yaşlı Güllər Məmmədova isə bildirib ki, hələ çoxu öz həyətində meyvə-tərəvəz əkib. Yoxsa vəziyyət çox çətin olardı. 6 nəfərlik ailədə yalnız yoldaşı işləyir, o da cəmi 300 manat pul alır:
“Toyuq-cücə saxlayıram, meyvə-tərəvəz yetişdirirəm. Yenə də çatmır, bunun unu, çayı, qəndi var. Uşaqlar böyüyüb, ehtiyacları da artıb. Bir yandan da dərmanpulu insanları çökdürür. Oğlum Bakıda fəhləlik edirdi, yenə özünü dolandırırdı. Aylardır rayonda müvəqqəti iş tapa bilmir, Ancaq başqalarına baxıb halımıza şükür edirik”.
Ərzaq mağazalarında isə bolluqdur, satıcılar bildiriblər ki, az da olsa alver gedir.