Sablinin qiyamı

Təyyarələr üç-üç gəmiyə tərəf uçaraq önünə bombalar atdılar.

Foto: Meydan Tv


Digər günahlandırılan şəxslər barəsində inzibati tənbeh tədbirlərinin görülməsinə qərar verildi

1975-ci il noyabrın 8-dən 9-a keçən gecə Riqa limanında lövbər salan "Storojevoy" gəmisindən sallanan kəndirlə bir nəfər aşağı sürüşərək özünü suya atdı. Hadisənin Baltik dənizində baş verdiyini və suyun hərarətinin çox aşağı olduğunu nəzərə alsaq, belə addım üçün ciddi səbəb olmalı idi.

Baş leytenant Firsov olan həmin adam üzərək yaxınlıqdakı sualtı qayığa çatdı və onun rabitə aparatlarından istifadə edərək operativ növbətçiyə inanılmaz məlumat ötürdü: "Storojevoy"da sovet hökuməti əleyhinə qiyam qalxıb, gəminin kapitanı həbs olunub, qiyama kapitanın siyasi məsələlər üzrə müavini (zampolit), üçüncü dərəcəli kapitan (ordudakı mayor rütbəsinin analoqu) Valeri Sablin rəhbərlik edir.

***

Valeri Sablin 1939-cu ildə hərbi dənizçi ailəsində anadan olub. Onun babası çar donanmasının "Pallada" gəmisində xidmət edirdi və Birinci dünya müharibəsinin ilk aylarında gəminin bütün heyətilə birlikdə həlak olmuşdu. Atası isə İkinci dünya müharibəsinin veteranı, birinci dərəcəli kapitan (polkovnik) idi, çoxlu ordenlərlə təltif olunmuşdu, bir müddət SSRİ-nin Şimal donanmasının qərargah rəisinin müavini vəzifəsini tutmuşdu.

Əcdadlarının ənənəsini davam etdirən Sablin 1956-1960-cı illərdə Frunze adına hərbi-dəniz məktəbində təhsil alır, gəmi artilleriyaçısı ixtisasına yiyələnir. O, erkən yaşlarından siyasi fəallığı ilə seçilir, fakültə komsomol təşkilatının katibi seçilir, iyirmi yaşında isə Kommunist Partiyasına üzv olur.

Hərbi xidmətə leytenant rütbəsində və Şimal donanmasında başlayan Sablin öz vəzifələrinin öhdəsindən qüsursuz gəlir, dəfələrlə həvəsləndirici təltiflərə layiq görülür. Buna baxmayaraq növbəti rütbəsinin verilməsi bir il ləngidilir. Buna səbəb onun SSRİ-nin partiya rəhbəri Xruşşova ünvanladığı məktub olur. Bu məktubda Sablin ölkədəki bəzi halları tənqid edir, partiya sıralarını yaltaqlardan və rüşvətxorlardan təmizləməyin zəruriliyini vurğulayır.

Siyasətə olan marağı Sablini döyüş zabiti karyerasından siyasi sahəyə yönəldir. O, 1969-cu ildə Lenin adına Hərbi-siyasi akademiyaya daxil olur və 4 il sonra onu əla qiymətlərlə bitirir. Bundan sonra yenicə istifadəyə verilən və Baltik donanmasına daxil olan "Storojevoy" gəmisinə kapitanın siyasi hissə üzrə müavini vəzifəsinə təyin edilir.

Bütün bu illər ərzində Sablinin mövcud hakimiyyətə qarşı müxalif görüşləri daha da inkişaf edir və güclənir. Amma SSRİ-də 1960-cı illərdən formalaşan dissident hərəkatının üzvlərindən onu fərqləndirən cəhət vardı. Sablin kommunizmə tənqidi yanaşmırdı, o, özünü daha əqidəli kommunist sayırdı və hesab edirdi ki, mövcud hakimiyyət marksizm-leninizmdən uzaqlaşıb.

Bu dövrdə o, qeyd dəftərçəsində yazırdı: "Bizim cəmiyyət siyasi bataqlıqda ilişib qalıb… Mən uzun müddət liberal idim, düşünürdüm ki, haradasa düzəlişlər etmək, bir-iki ifşaedici məqalə yazmaq, nəyisə dəyişmək lazımdır… İndi isə düşünürəm ki, bu polad dövlət-partiya aparatının elə öz zirehindən istifadə edərək içəridən sındırmalıyıq".

1974-cü ilin payızında və 1975-ci ilin qışında "Storojevoy" gəmisi uzun müddətli səfərə çıxır. Almaniya Demokratik Respublikasında, Aralıq dənizində, Kubada olur. Səfər zamanı Sablin ehtiyatla öz fikirlərini heyət arasında yayır, özünə həmfikir tapmağa çalışır. Matros Maksimenko xatırlayır: "O, deyirdi ki, böyük Rusiya dünyanın qabaqcıl ölkəsi olmalıdır, MK və Brejnevin rəhbərlik etdiyi ac və geridə qalmış ölkə olmamalıdır".

Ölkəyə qayıtdıqda Sablin gəminin kapitanı Potulnı ilə birlikdə 3-cü dərəcəli "SSRİ hərbi qüvvələrinin tərkibində Vətənə xidmətə görə" ordeni ilə təltif olunur. 1975-ci il noyabrın 7-də "Storojevoy" gəmisi Oktyabr inqilabının ildönümünə həsr olunan və Riqa körfəzində keçirilən hərbi-dəniz paradında iştirak edir, iki gün sonra isə Liepaya yollanaraq təmir baxışından keçməli idi. Sablin məhz bu zaman çıxış etməyi qərara alır.

***

Noyabrın 8-də axşam saatlarında Sablin matros Burova zəng edərək 1 nömrəli post deyilən kayuta döşək və oxumaq üçün kitab gətirməyi, buradakı telefon xəttini kəsməyi əmr edir. Sonra isə gəminin kapitanı Potulnını bir bəhanə ilə həmin kayuta gətirərək qəfildən qapını arxadan bağlayır. Sablinin onun üçün yazdığı izahat məktubunu oxuyan Potulnı kapitan körpüsünə zəng etmək istəyir, amma telefon xəttinin qırıldığını görür.

f86d76316d1a8311a5868392fbbbc.jpg
Valeri Sablin

Şəxsi heyəti "Potyomkin zirehli gəmisi" adlı filmə baxmağa göndərən Sablin zabit və miçmanları yanına çağırır. O, ölkədə baş verən mənfi halları sadalayır və bunlara etiraz etməyin vaxtı çatdığını söyləyir. "Bəs kapitan haradadır?" sualına isə Sablin "O, öz kayutasında bizim təkliflərimiz üzərində düşünür" cavabını verir.

Sablinin çıxışına qulaq asan 13 zabit və 13 miçmandan 10-u təklifinin əleyhinə səs verirlər. Sablinin göstərişilə onlar başqa bir kayutda nəzarət altına alınırlar. Burada da telefon əlaqəsi öncədən kəsilmişdi. Yerdə qalanlar hökumətə aşağıdakı tələbləri irəli sürmək təklifini qəbul edirlər:



1"Storojevoy" gəmisini 1 illik müddətə dövlət və partiya orqanlarından azad və müstəqil ərazi elan edilsin;



2. Heyət üzvlərindən birinə hər gün 21.30-dan 22.00-a kimi televiziya və radioda çıxış etmək imkanı verilsin;



3. Gəminin təchizatını dayandırmamalıdır;



4. "Mayak" radiosunun tezliyində "Storojevoy"un verilişlərinə icazə verilsin;



5. Heyət üzvləri sahilə çıxarkən toxunulmaz şəxs sayılsınlar.

Sablinin planına görə gəmi ilə Leninqrad şəhərinə doğru üzərək bolşevik inqilabının rəmzi sayılan "Avrora" gəmisinin yanında duracaqdılar və sovet xalqına müraciət edəcəkdilər. Açığı, onun bu təklifləri sovet hökumətinin qəbul demirəm, müzakirə belə edəcəyinə ümid bəsləməsi heyrətamizdir. Sovet quruluşunun sütunlarından birini alternativsiz rəsmi təbliğat təşkil edirdi. Belə olan halda Sablin və tərəfdarlarına hər gün efir vaxtı ayıracağı ağlagəlməz bir şey idi.

Qeyd etdiyimiz kimi, "Storojevoy" noyabrın 9-da Liepayaya yola düşəcəkdi. Buna görə də Sablin gəminin hərəkətə başlamasının təbii qarşılanacağını düşünürdü. Amma baş leytenant Firsovun qaçışı hər şeyi korladı. Donanma rəhbərliyi onun məqsədlərindən artıq xəbərdar idi. Buna baxmayaraq, Sablin gəmini Riqa körfəzindən çıxararkən müqavimətlə üzləşmədi. Yəqin ki, alışmadıqları situasiya ilə üzləşən admirallar müstəqil qərar qəbul edə bilmirdilər.

Gəminin yolu İsveç ərazi sularının yaxınlığından keçirdi. Buna görə də Sablinin Leninqrada getmək istəməsi barədə Firsovun verdiyi xəbərə baxmayaraq, hərbi komandanlıq onun gəmini İsveçə qaçıra biləcəyindən narahat idi. "Storojevoy" gəmisinin ardınca Baltik donanmasının və sərhəd qoşunlarının 9 gəmisi göndərildi. Bundan əlavə Latviyanın Tukums şəhərində məskunlaşan aviasiya alayının 12 bombardmançı təyyarəsi havaya qaldırıldı.

Təqibçilərə, xüsusən təyyarəçilərə gəminin İsveçə yolunu kəsmək tapşırığı verilmişdi. Bunun üçün onlar əvvəlcə gəminin getdiyi istiqamətə bir neçə bomba atmalıydılar. Əgər hərəkət dayanmazdısa, özünə atəş açılacaqdı. Əlavə edək ki, təmirə yollanacağına görə "Storojevoy" bütün döyüş sursatlarını təhvil vermişdi və istəsəydi belə, müqavimət göstərə bilməyəcəkdi.

Təyyarələr üç-üç gəmiyə tərəf uçaraq önünə bombalar atdılar. Buna baxmayaraq, Sablin hərəkəti davam etdirdi. O zaman gəminin özünə bombalar atıldı. Onlardan biri göyərtənin ortasına düşdü və baş verən partlayış nəticəsində sükanı ilişdi və gəmi idarəolunmaz hala gəldi.

Vəziyyətin qorxunc şəkil aldığını görən dənizçilər kapitan Potulnını azad etdilər. Göyərtəyə çıxan kapitan Sablinə atəş açaraq ayağından yaraladı, gəmiyə nəzarəti əlinə keçirdi və bu barədə donanma rəhbrliyinə xəbər verdi. Bir qədər sonra sərhədçilər gəmiyə çıxdılar və Sablin həbs olundu.

***

Araşdırmalardan sonra yalnız Sablin və ona yaxından kömək edən sıravi matros Aleksandr Şein cinayət məsuliyyətinə cəlb olundular. Heç bir sübutun olmamasına baxmayaraq, Sablinə gəmini İsveçə qaçırmaq cəhdi üzrə ittiham irəli sürüldü və vətənə xəyanətdə günahlandırıldı. O, ən ağır cəzaya – güllələnməyə, Şein isə 8 il həbsə məhkum edildilər. 1976-cı il avqustun 3-də Sablin barəsində edam hökmü yerinə yetirildi.

Digər günahlandırılan şəxslər barəsində inzibati tənbeh tədbirlərinin görülməsinə qərar verildi. "Storojevoy"un bütün heyəti dağıdıldı və yeni heyət yığıldı. Gəmi özü isə Sakit okean donanmasının tərkibinə göndərildi. 2002-ci ildə istifadədən çıxarıldı və metallolom kimi Hindistana satıldı.

SSRİ-nin süqutundan sonra Sablin və Şeinə bəraət verilməsi istiqamətində cəhdlər edildi. 1994-cü ildə Rusiya Ali məhkəməsinin hərbi kollegiyası Sablinin Vətənə xəyanət etmədiyi, bununla belə nizamnaməni pozduğunu, öz səlahiyyətlərini aşdığını, rəhbərliyə itaətsizlik göstərdiyini əsas gətirərək edam hökmünü 10 il həbslə dəyişdi. Beləcə, Sablin və Şeinə tam bəraət verməkdən imtina edildi.

Ana səhifəXəbərlərSablinin qiyamı