”Sabirin ev-muzeyindən tapılan qəbir daşları araşdırılmadı”

Mirzə Ələkbər Sabirin ev-muzeyi 1962-ci ildə, şairin doğumunun 100 illiyi ilə münasibətilə yaradılıb

Source: meydan tv


Dövlət rəsmisi isə Şamaxı sakininin dediklərini rədd edir

“Mirzə Ələkbər Sabirin ev-muzeyi söküləndə, oradan 14-cü əsrə aid məzarlar, qala divarlarının olduğu güman edilən tikili hissələr, hətta gümüş və mis sikkələr çıxdı. Həmin qəbir daşları kütləvi deyildi, araşdırmadılar, eləcə, üzərindən tikinti işləri apardılar”.

Bu sözləri Meydan TV-yə Şamaxı sakini Aynar Həbibov deyir. Onun sözlərinə görə, Azərbaycanın satirik şairinin əsası 1962-ci ildə qoyulan ev-muzeyi söküləndə, təxminən 4 metr dərinlikdə tarixi abidələrin qalıqları aşkarlanıb:

“Ev-muzeyi tamamilə söküldü və müasir tipdə inşa olundu. Gördüyünüz kimi, muzey tikilib, hazırdır. Lakin hələ ki, istifadəyə verilməyib. Onu da əlavə edim ki, söküntülər zamanı keramikadan hazırlanmış su xətləri də aşkarlanmışdı. Təxminən 4 metr dərinlikdə, sarı torpaqdan. Biz ona köhnə Şamaxı deyirik. Bütün dediklərim çıxdı. Ümumiyyətlə, Şamaxı arxeoloji baxımdan əməlli-başlı araşdırılmayıb. Cabbar Xəlilov və Hüseyn Ciddi araşdırma edib. Onlardan sonra qazıntı-tədqiqat işləri aparılmayıb”.

A.Həbibov bildirir ki, Şamaxıda olan tarixi abidələrə sanki bir qarşı laqeyidlik, biganəlik var. Şirvanşahlar dövlətinin müdafiə istehkamları bir-biri ilə sıx əlaqədar olduğundan burada kompleks tədqiqat işlərinin aparılması vacibdir:

image_from_ios (1).jpg
Sabirin məzarı

“Mirzə Ələkbər Sabirin evindən tapılan qalıqları eksponat şəklində toplamaq və oranı kiçik bir muzey etmək olardı. Görünür, bunda heç kim maraqlı deyil. Dəfələrlə baş verən təbii fəlakətlərdən sonra da tarix itib-batır. Bizim artıq göstərə biləcəyimiz çox az tarixi abidələrimiz qalıb. Burada mütləq arxeoloji qazıntılar aparılmalıdır. Biz tariximizi aça bilərik”.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağızadə isə söylənilən iddiaları əsassız sayır. O, Meydan TV-yə bildirib ki, Sabirin ev-muzeyində söküntü aparılan zaman yalnız qəbirdaşı çıxıb:

“Şamaxıda doqquz dəfə dəhşətli zəlzələ olduğundan, haranı qazsan, mütləq maddi mədəniyyət nümunəsi çıxır. Hardasa qazıntı aparılan zaman nəsə tapılırsa, Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının nümayəndələri nümunələri tədqiqat üçün götürülər, sonra da muzeylərə verirlər. Heç nə yiyəsiz qalmır.

image_from_ios (2).jpg
qəbir daşı

Sabirin ev-muzeyinə gəlincə, söküntü zamanı oradan yalnız bir qəbir daşı tapılıb. Müzeyin girəcəyində, büstünün yanında, şüşə altına qoyulub saxlanılır. Mən orada başqa maddi mədəniyyət nümunələrinə rast gəlmədim”.

R.Tağızadə onu da söylədi ki, Sabirin ev-muzeyinin tikinti işləri başa çatıb. Hazırda eksponatlardan ibarət ekspozisiyalar qurulur. Açılış mərasimi bu il mayın 30-da şairin doğum günündə olacaq.

Mirzə Ələkbər Sabirin ev-muzeyi 1962-ci ildə, şairin doğumunun 100 illiyi ilə münasibətilə yaradılıb. Bir mərtəbədən və 2 ekspozisiya zalıdan ibarət olub. Bina 1978-ci ildə sökülərək iki mərtəbəli formada inşa edilib. Muzey yenidən, 2017-ci ilin sentyabr ayında divarının uçması nəticəsində bağlanıb və restavrasiyası məqsədilə sökülərək, təkrar inşa edilib.

image_from_ios (4).jpg
qəbir daşı
Ana səhifəBölgə”Sabirin ev-muzeyindən tapılan qəbir daşları araşdırılmadı”