Hər iki şəxs rüşvət ittihamını rədd edir
Sabirabadın baş memarı olmuş Müşfiq Qasımov və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyevə hökm oxunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Müşfiq Qasımov 8 il 6 ay, Eldar Quliyev isə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Onların hər ikisi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, adları çəkilən keçmiş məmurlar Sabirabad rayonu ərazisində qeyri-yaşayış obyektində tikinti işləri aparmağa icazə verilməsi üçün rüşvət alıb.
Amma Müşfiq Qasımov və Eldar Quliyev rüşvət ittihamıyla razılaşmır, özlərini təqsirli bilmirlər.
Onlar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti vermək niyyətindədir.