Sabirabadda 16 yaşlı qızı qeyri-rəsmi nikahda yaşadığı şəxsin öldürdüyü bildirilir

İllüstrasiya: Meydan TV

Qızı öldürəndən sonra izi itirmək üçün cəsədi Kür çayına atılıb

Sabirabad rayonunda 16 yaşlı qızı öldürərək Kür çayına atmaqda şübhəli bilinən şəxs həbs olunub.

 Bu barədə Baş prokurorluq məlumat yayıb.

Məlumata görə,  mayın 20-də Kür çayından qadın cəsədinin tapılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

“İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, 21 yaşlı Seyidrəsul Talıbzadə şübhəli şəxs qismində saxlanılıb və istintaq davam edir.

Saxlanılan şəxsin atası jurnalistlərə deyib ki, oğlu ilə Nuranə Ələkbərova keçən ildən qeyri-rəsmi nikahda olublar.

Deyilənə görə, cütlük arasında münaqişə yaşanıb. Mübahisə bir neçə gün davam edib və son münaqişə nəticəsində S. Talıbzadə N.Ələkbərovanı döyərək boğub. Nəticədə, qız hadisə yerində ölüb.

Yerli mediada yayılan məlumatlarda bildirilir ki, Ələkbərovanın öldüyünü görən Talıbzadə izi itirmək üçün cəsədi Kür çayına atıb və onun intihar etdiyi barədə məlumat yaymaq istəyib. Onun bu barədə hüquq-mühafizə orqanlarına məlumat verdiyi də bildirilir.

Lakin 16 yaşlı qızın ailə üzvləri onun qətlə yetirildiyini iddia ediblər.

Bildirilir ki, bundan sonra S.Talıbzadə saxlanılıb və törətdiyi cinayəti etiraf edib.

Cinayət Məcəlləsinin 176-cı maddəsinə görə, nikah yaşına çatmayan insanı məcburi evləndirməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2023-cü ildə 293 erkən evliliyin qarşısı alınıb. 2023-cü ildə 18 yaşına çatmayan qızlar tərəfindən 1742 uşaq dünyaya gəlib.

Ana səhifəSosialSabirabadda 16 yaşlı qızı qeyri-rəsmi nikahda yaşadığı şəxsin öldürdüyü bildirilir