Sabir Rüstəmxanlı: Tofiq Yaqublu ilə bağlı çıxarılmış məhkəmə hökmü ədalətsizdir

Sabir Rüstəmxanlı Tofiq Yaqubluya sərt cəza verilməsinin təəssüf doğurduğunu deyib

Source: google.az


“Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsizlikdir”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun azad olunmasını istəyir.

Məlumatı partiyanın mətbuat xidməti yayıb. Bildirilir ki,

Sabir Rüstəmxanlı Nizami Rayon Məhkəməsinin hökmünü ədalətsiz adlandırıb.

VHP sədri deyib ki, Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır.

Sabir Rüstəmxanlı Tofiq Yaqubluya sərt cəza verilməsinin təəssüf doğurduğunu deyib:

“Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı onun haqda hökm çıxararkən nəzərə alınmalıydı. Belə xırda bir insidentə görə Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsiz hökmdür”.

Deputat eyni zamanda hökmdən sonra baş verənlərdən təəssüf hissi keçirdiyini bildirib:

“Artıq neçə gündür ki, Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi… İnanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq bəy azadlığa buraxılacaqdır”.

Sabir Rüstəmxanlı məhkəmə hökmləri zamanı qanunun yumşaq üzünün unudulmamasının da vacibliyini bildirib:

“Bəzən xırda bir olaya görə elə sərt cəzalar kəsilir ki… Axı hər cəzanın arxasında bir insan taleyi dayanır. Bu məqamlar nəzərə alınmalıdır. Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Bir çox əməlin cəzası cərimə ola, maddi tərəfdən qarşılığı ödənilə bilər”.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

T.Yaqublu xuliqanlıqda ittiham olunur. Lakin o, özünü təqsirli bilmir, şəxsən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirir.

Tofiq Yaqublu məhkəmənin hökmünə etiraz olaraq 10 gündür aclıq aksiyası keçirir.

Ana səhifəSiyasətSabir Rüstəmxanlı: Tofiq Yaqublu ilə bağlı çıxarılmış məhkəmə hökmü ədalətsizdir